Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 103,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,8%, qeyri-ərzaq məhsulları üzrə 103,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,6% təşkil edib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin mart ayında isə istehlak qiymətləri indeksi fevral ayına nisbətən 100,9%, ötən ilin mart ayına nisbətən isı 104,1% olub.
Ay ərzində ərzaq məhsulları, içkilər və tütün məmulatları 101,8%, ötən ilin mart ayı ilə müqayisədə 4,8% bahalaşıb. Ayrı-ayrı ərzaq məhsullarından daha çox artım düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, kələmin, pomidorun, yerkökünün, çuğundurun, balqabağın, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, mineral suların, limonadın, arağın, tütün məmulatlarının, ucuzlaşma isə yumurtanın və xiyarın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-ərzaq məhsulları 0,2%, ötən ilin mart ayına nisbətən isə 3,7% bahalaşıb. Ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox artım parçaların, kəsilmiş taxtaların, sementin, kərpicin, paltaryuyan maşınların, kondisionerlərin, saç üçün şampunların, ucuzlaşma isə əsasən mobil telefonların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Martda əhaliyə göstərilmiş ödənişli xidmətlər 0,1%z, ötən ilin mart ayına nisbətən 3,4% bahalaşıb.