Azərbaycanda illik inflyasiya 12,5%-ə yüksəlib

Azərbaycanda illik inflyasiya 12,5%-ə yüksəlib Aylıq inflyasiya isə 1,6%-ə enib
Maliyyə
1598
14 Mart , 2017 11:22
Azərbaycanda illik inflyasiya 12,5%-ə yüksəlib

Bakı. 14 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 12,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 15,6%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8,4% artıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Cari ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,6%, o cümlədən ərzaq məhsulları 2,5%, qeyri-ərzaq məhsulları 0,9%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 1,0% bahalaşıb.

Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, almanın, armudun, limonun, portağalın, naringinin, bananın, kələmin, göyərtinin, xiyarın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun, spirtli içkilərin və tütün məmulatlarının qiymətlərində bahalaşma, yumurtanın qiymətində ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Fevralda yanvar ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, kompüterlərin, dəftərxana ləvazimatlarının, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində artım müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən dəmiryolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətlərində ucuzlaşma, avtomobillərin, mebel və döşəmə örtüklərinin təmiri xidmətlərinin, tibbi və stomatoloji xidmətlərin, mənzillərin icarə haqlarının, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətlərində artım müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bu ilin yanvarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin yanvar ayına nisbətən 11,9% artıb. O cümlədən ərzaq məhsullarının qiymətlərində 14,5%, qeyri-ərzaq məhsullarının qiymətlərində 12,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 8,0% artım qeydə alınıb.

Cari ilin yanvar ayında 2016-cı ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,3%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,8%, qeyri-ərzaq məhsullarının qiymətləri 2,0%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1,9% artıb.

Son xəbərlər

Orphus sistemi