Bakı. 14 iyun. REPORT.AZ/ İslam bankçılığının Azərbaycanda tətbiq edilməsi üçün hökumət qanunvericilik bazasında müvafiq düzəlişlərin edilməsi ilə bağlı İslam İnkişaf Bankının (IDB) təqdim etdiyi layihəyə baxır. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib: "Lakin deyə bilmərəm ki, burada hər hansı irəliləyiş var".
S.Şərifovun sözlərinə görə, qanunvericiliyə dəyişiklik etmək asan iş deyil: "Prinsip etibarı ilə buna baxılmalıdır və onun əsasında müəyyən etməliyik ki, bunu hansı formada tətbiq etmək lazımdır. Çünki orada xeyli hüquqi prosedurlar var. Bu, o qədər də sadə iş deyil".
Xatırladaq ki, IDB 2015-ci ilin ortalarında Azərbaycanda İslam bankçılığı qanunvericiliyinin tətbiqi imkanlarının öyrənilməsi üçün Azərbaycana 200 min ABŞ dolları həcmində qrant ayırıb. Lakin Azərbaycan hökuməti bununla bağlı hələ də öz yekun qərarını verməyib.