Gələn ildən etibarən Azərbaycanda dövlət sektorunda çalışan şəxslərin həyatın yaşam sığortasına qoşulması dayandırılacaq. Bu qərar sığorta bazarında ciddi təsirlərə səbəb ola bilər. İlkin proqnozlara görə, bu sığorta növü üzrə haqların ümumi məbləği 60 %, sığorta müqavilələrinin sayı isə 50 % azalacaq. Bununla belə, yaranan boşluğun növbəti üç il ərzində özəl sektor tərəfindən doldurulacağı gözlənilir.
Məlumdur ki, məhz vergi güzəştləri həyat sığortasını daha da cəlbedici maliyyə alətinə çevirir. Həyatın yığım sığortası müqaviləsi çərçivəsində gəlir vergisi və icbari sosial sığorta üzrə ayırmalar tutulmur və yığımın xalis məbləği müştərinin hesabına oturur. Bundan əlavə, işəgötürən şirkət bu hesaba əmək haqqı fondunun 15 %-i məbləğində məcburi sosial sığorta üzrə yığımları da köçürür. Lakin gələn ildən bu güzəştlər dövlət sektorunda çalışan şəxslərə şamil edilməyəcək.
“Report” bu dəyişikliyin həyatın yaşam sığortasına və ümumilikdə sığorta bazarına təsirlərini araşdırıb.
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) bu dəyişikliyin sektorda ciddi mənfi təsirlər yaratmayacağını bildirir. Assosiasiya vurğulayır ki, sığorta sektoru dinamikdir və yeniliklərə tez uyğunlaşmaq qabiliyyətinə malikdir. O hesab edir ki, tələb-təklif balansı və iqtisadi dəyişikliklər bazarın özünü tənzimləməsinə şərait yaradır.
ASA qeyd edir ki, sığorta şirkətləri həyat sığortası sektoruna yaranan təsirləri kompensasiya etmək məqsədilə yeni məhsullar təqdim edəcəklər və mövcud məhsulların şərtlərini yeniləyəcəklər. Bildirilir ki, artıq “Kredit Həyat Sığortası” məhsulu yenilənmiş şərtlərlə təqdim olunaraq istehlakçılar üçün daha əlçatan edilib.
Assosiasiyanın açıqlamasında qeyd edilir ki, həyat sığortası sektoru həmişə Azərbaycanın sığorta bazarının əsas lokomotivi olub: "Dövlət sektorundan çəkilmə ilə yaranan boşluğa baxmayaraq, həyat sığortası məhsulları aktual olaraq qalacaq və potensial müştərilərin marağını təmin edəcək".
Həyat sığortaları üzrə ekspert Ruslan Ələkbərov da özəl sektorun yaranan boşluğu doldurmaq üçün mühüm addımlar atacağını vurğulayıb. O, yaxın illərdə müştərilər üçün fərqli seqmentlərə uyğunlaşdırılmış yeni həyat sığortası məhsullarının hazırlanacağını bildirib:
“Yeni həyat sığortası məhsullarının yaradılması və müştəriyönümlü yanaşmanın tətbiqi planlaşdırılır. Bu məhsullar yaranmış boşluğu doldurmaqla yanaşı, sığorta bazarının aktivləşməsinə dəstək olacaq”.
R.Ələkbərov əlavə edib ki, bu dəyişikliklər innovativ məhsulların inkişafını və bazarın yeni yanaşmalara açıq olmasını stimullaşdıracaq.
Gələcək perspektivlər
Ekspertlər hesab edirlər ki, dövlət sektorunun həyat sığortası bazarından çıxışı ilkin mərhələdə çətinliklər yaratsa da, özəl sektorun aktiv fəaliyyəti və yenilikçi məhsulların tətbiqi ilə bu problemlər aradan qalxacaq.
“Yeni məhsulların təqdimatı və mövcud məhsulların yenilənməsi sektorun əsas inkişaf istiqamətlərindən biri olacaq. Həyat sığortası sektoru gələcəkdə də bazarın əsas hərəkətverici qüvvəsi kimi qalacaq”, - deyə ekspertlər qeyd edirlər.
Qeyd etməyə dəyər ki, Azərbaycanın sığorta bazarının dinamikası bu dəyişikliklərə adekvat reaksiya verərək inkişafını davam etdirəcək. Sektorun qarşılaşdığı çağırışlar həm də yeni yanaşmalar və məhsullarla zənginləşmək üçün bir imkan olaraq qiymətləndirilir.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyat sığortası növləri üzrə 610,282 milyon manat sığorta haqqı toplanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 % çoxdur. Həyat sığortası üzrə ödənişlər isə 59,6 % artaraq 406,607 milyon manata çatıb.
Beləliklə, 10 ay ərzində həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 66,6 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 48,5 manat olub.
Nəzərə alsaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 112,027 milyon manat sığorta haqqı toplanılıb, həyat sığortası üzrə yığımların payı 54,9 % çatıb.