Azərbaycanda həyat sığortası üzrə ödənişlər 70 % artıb

Maliyyə
  • 27 sentyabr, 2024
  • 12:02
Azərbaycanda həyat sığortası üzrə ödənişlər 70 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 502,523 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 69,7% artaraq 333,23 milyon manata çatıb.

Beləliklə, 8 ay ərzində həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 66,3 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 45,3 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 927,732 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,55 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 499,854 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 44,6 % çoxdur.

8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 40,8 manat olub.