Azərbaycanda həyat sığortası bazarı 17 % böyüyüb
- 25 aprel, 2024
- 11:54
Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 175,919 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,9 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 74,5 % artaraq 97,168 milyon manata çatıb.
Beləliklə, 3 ay ərzində həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,2 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 37 manat olub.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 373,14 milyon manat sığorta haqqı toplanılıb. bu, ötən ilin eyni dövrünə nisbətən 7,6 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 153,327 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 49,9 % çoxdur.
Ötən 3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 29,5 manat olub.