Azərbaycanda halal gəlir əldə etmək istəyən şəxslər üçün yeni investisiya imkanları yaradılır

Maliyyə
  • 11 yanvar, 2022
  • 12:32
Azərbaycanda halal gəlir əldə etmək istəyən şəxslər üçün yeni investisiya imkanları yaradılır

“Azfinance" investisiya şirkəti Azərbaycanda islam qaydaları ilə halal bizneslə məşğul olan şəxlər üçün yeni investisiya imkanları yaratmaq məqsədilə borclanmaq istəyən şirkətləri əməkdaşlığa dəvət edib.

İnvestisiya şirkətininin direktoru İntiqam Səfərəliyev "Report"a bildirib ki, fəaliyyəti halal və qanuni olan şirkətlərin vəsaitini cəlb edib, onları səhmdar olmadan gəlirə şərik etmək mümkündür.

Onun sözlərinə görə, bu maliyyələşmə modelində həm xeyrin, həm də zərərin bir hissəsinə şərik olmaq ehtimalı var.

“Bu proses qanunvericiklə tənzimlənmir. Məlumdur ki, halal bizneslə məşğul olmaq, yatırım etmək istəyən bir qrup adam var. Biz o biznesi tapmalıyıq, istiqrazlarını buraxdırmalıyıq, şərtlərini formalaşdırmalıyıq. Daha sonra investorlar ora yatırım edəcəklər.

Müraciətləri biz seçəcəyik. Qaydaların əsas özəlliyi bu maliyyələşmə modelində həm xeyrin, həm də zərərin bir hissəsinə şərik olmaq mümkünlüyüdür.
Maliyyələşmə 4-5 illik olacaq. Zərərə şərik olmaq barədə investor özü qərar verəcək", - deyə şirkət direktoru bildirib.

O qeyd edib ki, şirkətlər mənfəətlə işləməlidir ki, bu cür maliyyə modelinə cəlb oluna bilsinlər.

İ.Səfərəliyev belə bir addım atmasının səbəbini də açıqlayıb:

“İnvestorlarla görüş zamanı onların böyük bir hissəsi faiz gəliri olmayan alətlərərinə maraqlarını və bu modelə uyğun yatırım etmək niyyətlərini bildiriblər. Bu səbəbdən ölkənin bu qaydalarla hərəkət etmək istəyən təbəqəsinə də toxunmaq istəyirik".

İslam qaydaları ilə biznes bir çox müsəlman ölkələrində sistem kimi formalaşsa da, Azərbaycan haqqında bunu demək olmaz. Lakin müəyyən cəhdlər var. Neçə il öncə bu istiqamətdə bir neçə bank fəaliyyət göstərməyə cəhd etsə də, indi investisiya şirkətləri bu sistemi yaratmağa başlayırlar.

Qeyd edək ki, “Azfinance İnvestisiya Şirkəti” QSC-nin yeganə səhmdarı və Müşahidə Şurasının sədri Abid Məmmədov payının 15,03 %-lik hissəsini qurumun direktoru İntiqam Səfərəliyevə ötürüb.

“Azfinance" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır.