Azərbaycanda fəaliyyət göstərən bankların 2025-ci ildən etibarən Hesab Məlumatları Xidməti (AİS) təqdim etməsi planlaşdırılır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
AMB-nin məlumatına əsasən, qurumun İdarə Heyətinin təsdiqlədiyi “2024-2026-cı illərdə Maliyyə Sektorunun İnkişaf Strategiyası” çərçivəsində yerli sektorlarda tənzimləmə mühitinin inkişafı üçün “Açıq bankçılıq” yanaşmasının tətbiqinin sürətləndirilməsi və “Açıq maliyyə” yanaşmasına keçidin təmin edilməsi nəzərdə tutulub.
2024-cü ildə AMB Hesab Məlumatları Xidməti üzrə testləri başa çatdırmağı və bu həlli istehsalat mühitində banklara təqdim etməyi planlaşdırır. Bununla yanaşı, Ödəniş Əməliyyatları Xidməti (PİS) üzrə yeni funksionallığın istifadəyə verilməsi də gözlənilir. Eyni zamanda, banklarla yanaşı, AMB-dən müvafiq lisenziya almış elektron pul və ödəniş təşkilatlarının inteqrasiyası da planlaşdırılıb.
“Açıq maliyyə” yanaşmasının konsepsiyasının hazırlanaraq təsdiqlənməsi də strategiyada əks olunub. İlk mərhələdə kommersiya banklarının yeni sistemlərə inteqrasiyası, daha sonra isə müvafiq lisenziyaya malik elektron pul və ödəniş təşkilatlarının qoşulması nəzərdə tutulub.
Mərkəzi Bankdan bildirilib ki, yerli sektor və beynəlxalq bazar üzrə aparılan araşdırmalar nəticəsində Azərbaycan bank sektorunun infrastruktur səviyyəsində “Açıq bankçılıq” yanaşmasının tətbiqinə hazır olduğu müəyyən edilib.
Bu yanaşma, bank xidmətlərinin rəqəmsal transformasiyasını sürətləndirməklə yanaşı, ölkənin maliyyə sektorunun müasirləşdirilməsinə töhfə verəcək.
Qeyd edək ki, “Açıq bankçılıq” bankların müştəri məlumatlarını (müştərinin razılığı ilə) üçüncü tərəf maliyyə xidmətləri təminatçıları ilə bölüşməsinə imkan yaradan bir yanaşmadır. Bu, xüsusi tətbiqlər və ya xidmətlər vasitəsilə müştərilərə öz maliyyə məlumatlarına nəzarət etməyə, yeni rəqəmsal maliyyə həllərinə çıxış əldə etməyə şərait yaradır. Beləliklə, müştərilər daha fərdiləşdirilmiş xidmətlər, təkmilləşdirilmiş ödəniş mexanizmləri və bir sıra yeni maliyyə imkanlarından faydalana bilirlər. Üçüncü tərəflər müştərilərə bu istiqamətdə sürətli və fasiləsiz maliyyə xidmətləri, bütün hesablarının bir tətbiqdən idarə edilməsi kimi unikal imkanlar təklif edə bilərlər. Bu yanaşma həm də banklararası rəqabəti artıraraq innovasiyaları dəstəkləyir.