Azərbaycanda gələn il təhsil xərclərinin gözlənilən strukturu məlum olub

Maliyyə
  • 11 noyabr, 2026
  • 11:00
Azərbaycanda gələn il təhsil xərclərinin gözlənilən strukturu məlum olub

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən təhsilə ayrılması nəzərdə tutulan 5 milyard 99 milyon manat vəsaitin ÜDM-də xüsusi çəkisi 3,6 %, büdcəsi xərclərində xüsusi çəkisi isə 12 % təşkil edəcək.

"Report" xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2023-cü illə müqayisədə təhsil xərclərinin büdcədə payı 0,7 faiz bəndi, mütləq ifadədə isə 974,2 milyon manat və yaxud 23,6 % artıb.

Bu xərc bölməsi üzrə proqnozlaşdırılan vəsaitin 2 milyard 185 milyon 400 min manatı və yaxud 42,9 %-i ümumi təhsil xərclərinə, 853 milyon 500 min manatı və yaxud 16,7 %-i ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsinə, 434 milyon 800 min manat və yaxud 8,5 %-i məktəbəqədər təhsil xərclərinə, 102 milyon 100 min manat və yaxud 2 %-i orta ixtisas təhsili, 115 milyon 400 min manat və yaxud 2,3 %-i peşə təhsili, 96 milyon 900 min manatı və yaxud 1,9 %-i məktəbdənkənar təhsil müəssisələrinin (idman məktəbləri və s.) xərclərinə, 25 milyon 600 min manatı və yaxud 0,5 %-i əlavə təhsil və tətbiqi tədqiqatlara, 1 milyard 285 milyon 300 min manatı və yaxud 25,2 %-i təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər üçün nəzərdə tutulub.

Layihədə vurğulanıb ki, 2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təqribən 4 970 nəfər artaraq 148 950 nəfər, təqaüd alanların sayının isə təqribən 6 190 nəfər artaraq 118 750 nəfər olacağı gözlənilir.

Ona görə də, artımlar nəzərə alınmaqla 2027-ci ilin dövlət büdcəsinin layihəsində dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üçün 613 milyon manat vəsait proqnozlaşdırılır.

Həmin vəsaitin 422 milyon manatını təhsil xərcləri (cari illə müqayisədə 10 milyon manat və yaxud 2,4 % çox), 184 milyon manatını təqaüd xərcləri (cari illə müqayisədə 7 milyon manat və yaxud 4 % çox), 7 milyon manatını isə təhsil sahəsində digər tədbirlər üzrə xərclər təşkil edəcək. Cari ilə nisbətən növbəti ildə artımın səbəbləri təhsilalanların və təqaüd alanların sayının artımı ilə bağlıdır.