Azərbaycanda fəalliyət göstərən neft şirkətinin xalis mənfəəti 5,5 dəfə artıb

Maliyyə
  • 01 dekabr, 2021
  • 13:52
Azərbaycanda fəalliyət göstərən neft şirkətinin xalis mənfəəti 5,5 dəfə artıb

Rusiyanın neft şirkəti “RussNeft” bu ilin yanvar-sentyabr aylarını 23,55 milyard rubl (318,6 milyon ABŞ dolları) xalis mənfəətlə başa vurub.

“Report” xəbər verir ki, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 19,24 və ya 5,5 dəfə çoxdur.

Bu ilin 9 ayda “RussNeft”in EBITDA-sı (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) 2,8 dəfə artaraq 49,2 milyard rubla (665 milyon ABŞ dollara), gəlirləri isə 1,78 dəfə artaraq 159,44 milyard rubla (2,156 milyard ABŞ dollara) yüksəlib.

Hesabat dövründə “RussNeft”in istehsalat blokuna kapital qoyuluşları 13,35 milyard rubl (180,55 milyon ABŞ dolları) təşkil edib ki, bu da, 78 yeni istismar quyusunun (artım 20 ədəd) istifadəyə verilməsinə imkan verib. Şirkətin neft hasilatı 4,92 milyon tona çatıb.

Bundan başqa, “RussNeft” sənayenin ətraf mühitə təsirinin azaldılmasına yönəlmiş qlobal aşağı karbonlu inkişaf strategiyasının təlimatlarının bir hissəsi olaraq meşələrin bərpası üçün 200 milyon rubldan (2,7 milyon ABŞ dolları) çox vəsait ayırıb.

Xatırladaq ki, “RussNeft” neft hasilatı baxımından Rusiyanın ilk 10 ən böyük neft şirkəti sırasındadır. Şirkət Rusiyada əsas neft-qaz regionlarında (Qərbi Sibir, Volqa-Ural bölgəsi və Mərkəzi Sibir), eləcə də Azərbaycanda balanslaşdırılmış aktivlər portfelinə malikdir. Şirkətin işçilərinin sayı 8 min nəfərə yaxındır.