Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 26 %-ə yaxın artıb
- 03 mart, 2025
- 09:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycanda əmlak sığortası üzrə 25,502 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 3,411 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 25,5 % çoxdur.
Ay ərzində əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 13,4 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 10,7 manat olub.
Yanvarda Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 163,658 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 47,623 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 22,8 % çoxdur.
Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 29,1 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 27,9 manat olub.