Prezident İlham Əliyev Milli Məclisin bu il martın 13-də qəbul etdiyi, “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
"Report" xəbər verir ki, sənədlə qanunun 3-cü maddəsinə dəyişiklik olunub.
Dəyişikliyə əsasən, ölkədə əmanətlərin tam sığortalanması müddəti daha 9 ay artırılaraq bu il dekabrın 4-nə qədər müəyyən edilib.
Xatırladaq ki, Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” qanun 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də, Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il uzadıb.
Qanunla bağlı gözləntilər özünü doğruldub. Sənəd qüvvəyə mindikdən 3 ay sonra Azərbaycanda bank əmanətləri yenidən artmağa başlayıb və ötən ilin oktyabr ayında 4 illik maksimumu yeniləyərək 8,8 milyard manata çatıb. Bununla belə, son bir neçə ayda bank əmanətlərinin yenidən azalması müşahidə edilir. Odur ki, qanunun müddətinin bir qədər də artırılması zərurəti yaranıb.