Azərbaycanda daşınmaz əmlakın sığortalanmasında yaranan təşvişin səbəbi nədir?

Azərbaycanda daşınmaz əmlakın sığortalanmasında yaranan təşvişin səbəbi nədir? Azərbaycan vətəndaşlarının iyunun 1-dən daşınmaz əmlakını sığortalamadıqları halda cərimələnəcəkləri barədə may ayından xəbərlərin yayılması davam edir. Hətta bəzi sığorta şirkətləri bununla bağlı mənzillərə xəbərdarlıqlar da göndərir.
Maliyyə
8 İyun , 2023 14:49
Azərbaycanda daşınmaz əmlakın sığortalanmasında yaranan təşvişin səbəbi nədir?

Azərbaycan vətəndaşlarının iyunun 1-dən daşınmaz əmlakını sığortalamadıqları halda cərimələnəcəkləri barədə may ayından xəbərlərin yayılması davam edir. Hətta bəzi sığorta şirkətləri bununla bağlı mənzillərə xəbərdarlıqlar da göndərir.

Mövzu ilə bağlı “Report”a açıqlama verən sığorta üzrə mütəxəssis Kamran Babayev bildirib ki, sığorta şirkətlərinin vətəndaşlara hədə-qorxu gəlmək və cərimə ilə bağlı yanlış məlumatlandırmaq hüququ yoxdur.

O qeyd edib ki, sığorta şirkətləri cərimələyən orqan deyil, onlar sadəcə sığortalayan qurumdur:

“İcbari sığortalar haqqında" Qanun illərdir mövcud olsa da daşınmaz əmlakın icbari sığortası ilə bağlı cərimə mexanizmi hələ də işlək deyil. Bu sahədə nəzarət mexanizmi yoxdur. Daşınmaz əmlakın sığortası ilə bağlı hadisələr az olur. Hadisə tezliyi az, zərərliliyi çox aşağı olduğundan bu sığorta növü mənfəətli hesab edilir. Bu səbəbdən sığorta şirkətləri öz portfellərində bu sığorta növü üzrə yığımları artırmaq istəyirlər.

Vətəndaşlarda təşvişi yaradanlar sığorta şirkətlərinin satış üzrə əməkdaşları, sığorta agentləridir və bu yanlış məlumatdır. İyunun 1-dən yalnız sığorta müqavilələrinin elektronlaşması bitib, lakin bugünədək kütləvi cərimələrin ediləcəyi ilə bağlı bəyanat verən qurum yoxdur”.

K.Babayev vurğulayıb ki, qanunda hər bir vətəndaşın mənzilini məcburi və icbari qaydada sığorta etdirmədiyi halda cərimə olunacağı qeyd olunub, lakin, 2011-ci ildən heç kim cərimə olunmayıb:

Kamran Babayev
Kamran Babayev

“Bu proses deyildiyi kimi asan deyil. Cərimə mexanizmi tam hazır olduğu zaman, bir ay öncədən müvafiq dövlət qurumu tərəfindən ciddi xəbərdarlıq edilməldir. Hər bir qanun istənilən vətəndaş üçün eyni qüvvəyə malikdir. Əmlakın icbari sığortası üzrə haqqları və verilən təminatı müqayisə etdikdə görürük ki, vətəndaş üçün böyük üstünlük var. Vətəndaş Bakıda yerləşən əmlakının icbari sığortası üçün ildə 50 manat ödəməklə 25 min manatlıq təminat əldə edir".

Millət vəkili Vüqar Bayramov da hesab edir ki, qanunvericilikdə mənzilini icbarı sığorta etdirməyənlər üçün cərimələr nəzərdə tutulub və onlar xeyli müddətdir ki, qüvvədədir, yəni onun 1 iyun tarixi ilə heç bir əlaqəsi yoxdur:

“Daşınmaz əmlakın icbari sığortasına dair qanun hələ bir neçə il əvvəl qüvvəyə minməsinə baxmayaraq sığorta haqqının yığılmasında çətinliklər qalmaqdadır. Daşınmaz əmlakın təxminən 80 %-ə yaxını hələ də sığortasızdır. Nəticədə əmlaka fərqli səbəblərdən ziyan dəyən zaman ödənişlər həyata keçirilmir. Halbuki, icbari sığortadan istifadə əmlaka dəymiş ziyanın şirkət tərəfindən qarşılanmasına gətirib çıxara bilər. Bununla belə, sığorta mexanizminin təkmilləşdirilməsinə də ehtiyac var. Çünki elə əmlaklar var ki, onlar mütəmadi sığorta olunurlar, lakin heç bir sığorta hadisəsi baş vermir.

Hazırda əmlakın sığortalanmasında fiks-vahid tariflər tətbiq olunur. Məsələn, iki vətəndaş əmlakını sığortalayıbsa, onlardan biri son beş ildə sığortadan istifadə etməyibsə, digər vətəndaş təqribən iki dəfə baş verdiyi sığorta hadisəsinə görə təminat alıb, buna baxmayaraq hər iki vətəndaşın sığorta haqqı eynidir. Buna görə də sığorta hadisəsi baş verməyən əmlaklar üçün daha aşağı tariflərin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Bu, təbii olaraq, imkan verəcək ki, həm vətəndaşlar daha geniş şəkildə sığortadan istifadə etsinlər, sığorta hadisəsi ilə üzləşməyənlər isə daha aşağı tarifi ilə sığorta haqqı ödəsinlər”.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “Report”a bildirib ki, bu ilin iyun ayının 1-dən etibarən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İcbari Sığorta Bürosu arasında məlumat inteqrasiyası prosesi başa çatıb.

“Bu tarixdən etibarən baş verən dəyişikliklərdən biri də ondan ibarət oldu ki, artıq Daşınmaz əmlakın icbari sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növü üzrə şəhadətnamələr kağız daşıyıcıdan elektron formaya keçdi. Bu da onu deməyə əsas verir ki, daşınmaz əmlak sığortası ilə bağlı artıq elektron baza formalaşıb.

Nəticə etibarilə, qeyri-yaşayış tikililəri üzrə Fövqəladə Hallar Nazirliyi, yaşayış sahələri üzrə isə yerli icra hakimiyyəti orqanları bu istiqamətdə həyata keçirilmiş elektronlaşmanın verdiyi üstünlüklərlə əmlakların sığorta statusuna daha rahat və əlverişli şəkildə nəzarət edə, habelə ehtiyac yarandığı təqdirdə də cərimələnmə prosesini həyata keçirə biləcəklər.

Yəni göründüyü kimi, burada qanunvericiliyin tələblərinin tam təmin olunması məqsədilə münbit zəmin yaradılıb”, - ASA qeyd edib.

Assosiasiya hesab edir ki, sığortaçıların müvafiq istiqamətdə baş verən yeniliklərlə bağlı vətəndaşları məlumatlandırması və xəbərdar etməsi normal haldır.

Qeyd edək ki, Daşınmaz əmlakın icbari sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növləri üzrə bütün proseslər 2011-ci ildə qəbul edilmiş "İcbari sığortalar haqqında" Qanunla tənzimlənir. Ölkə ərazisində mövcud olan bütün yaşayış və qeyri-yaşayış əmlaklarının sığortası məcburidir. Lakin tikintisi başa çatmayan, qəza vəziyyətində olan, habelə sökülməsi ilə bağlı qərar çıxarılmış əmlaklar burada istisna təşkil edir.

İnzibati Xətalar Məcəlləsinin 469.1 maddəsinə görə, daşınmaz əmlakını icbari qaydada sığortalamayan fiziki şəxslər üçün 30 manat, vəzifəli şəxslər üçün 80 manat, hüquqi şəxslər üçün isə 200 manat məbləğində cərimələr nəzərdə tutulub. Mülk sahibləri bu cərimələri ödəmədikdə 20 gündən bir bu proses təkrarlanır.

Azərbaycanda yaşayış obyektlərinin icbari sığortası üzrə tarif və təminat məbləğləri regionlara görə dəyişir.

Belə ki, Bakı şəhərində yerləşən yaşayış obyektlərinin icbari sığortası üzrə tarif 50 manat, sığorta təminatı 25 min manata qədər, Gəncə, Sumqayıt və Naxçıvanda sığorta tarifi 40 manat, sığorta təminatı 20 min manata qədər, digər şəhər və rayonlarda sığorta tarifi 30 manat, sığorta təminatı isə 15 min manata qədər müəyyən olunub. Qeyri-yaşayış obyektlərində isə sığorta tarifləri həmin əmlakın yerləşdiyi yerə, təyinatına, həcminə görə müəyyən edilir.

Son xəbərlər

Orphus sistemi