Azərbaycanda banklararası qarşılıqlı xidmət haqları aşağı salınıb

Azərbaycanda banklararası qarşılıqlı xidmət haqları aşağı salınıb Yeni interçeync tarifləri 20 noyabr 2017-ci il tarixindən qüvvədədir.
Maliyyə
24 Noyabr , 2017 09:43
Azərbaycanda banklararası qarşılıqlı xidmət haqları aşağı salınıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin milli ödəniş sistemi infrastrukturunun təkmilləşdirilməsi, istifadə effektivliyinin yüksəldilməsi və iqtisadiyyatda nağdsız ödənişlərin çəkisinin artırılması istiqamətində tədbirlərini davam etdirir.

“Report” xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bununla bağlı həyata keçirilən sistemli islahatların nəticəsi kimi Azərbaycanda emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsi, ölkədaxili kart əməliyyatları üzrə banklararası xidmət haqlarının bazar tələblərinə uyğun çevik tənzimlənməsi, kart infrastrukturu istifadəçilərinin xərclərinin aşağı salınması imkanının yaradılması məqsədilə Banklararası Kart Mərkəzi (BKM) yaradılaraq 1 aprel 2016-cı il tarixindən istismara verilib.

Növbəti addım kimi, BKM üzərindən ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə “interçeync”in (banklararası qarşılıqlı xidmət haqlarının) aşağı salınması üçün Azərbaycan Banklar Assosiasiyasının, kart prosessinq mərkəzlərinin və bankların nümayəndələri ilə qarşılıqlı müzakirələr aparılmış və ümumi razılığa gəlinib.

İnterçeync – banklararası ödəniş kartları ilə əməliyyatların qəbulu üzrə ödənilən qarşılıqlı xidmət haqqıdır. Satış əməliyyatları üzrə təsərrüfat subyektinə xidmət göstərən bankı tərəfindən ödəniş kartı sahibinin bankına ödənilən xidmət haqqının əsas komponentini təşkil edir.

Ödəniş kartları vasitəsilə nağdsız qaydada aparılan kart əməliyyatları üzrə tətbiq edilən interçeyncin aşağı salınması nağdsız ödənişlərdə təsərrüfat subyektlərinin xərclərinin azalmasına, bununla da nağdsız ödənişlərə maraqlarının artmasına və nağdsız dövriyyənin genişləndirilməsinə təkan verir.

Qarşılıqlı razılığa əsasən, interçeync premial olmayan (Visa Electron, Visa Classic və Maestro, Debit MasterCard Standard və MasterCard Standard) ödəniş kartı məhsulları üzrə bazarın tələbinə uyğun olaraq dəyişdirilib. Mobil telefon haqları üzrə interçeync 26% azaldılaraq 1%, ərzaq mağaza və supermarketlər üzrə 61% azaldılaraq 0,5%, aptek və dərman məhsulları üzrə 78% azaldılaraq 0,3%, avtomatlaşdırılmış yanacaq doldurma məntəqələri üzrə 78,5% azaldılaraq 0,3%, elektron ticarət əməliyyatları üzrə 16% azaldılaraq 1,3% müəyyən edilib. Nəqliyyat və dövlət ödənişləri üzrə interçeync isə əsasən azaldılaraq 0,1% səviyyəsində müəyyənləşdirilib.

Yeni interçeync tarifləri 20 noyabr 2017-ci il tarixindən qüvvədədir.

Son xəbərlər

Orphus sistemi