Azərbaycanda bank sektorunda bir işçisi olan nümayəndəliklər açılacaq
- 18 fevral, 2022
- 11:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il “Yelo Bank” ASC yeni filiallarla yanaşı, yalnız bir işçisi olan ilk nümayəndəliklərinı açmağı planlaşdırır.
Bunu "Report""a “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov deyib.
“Bu ilin planlarında fokusumuz daha çox regionlara olacaq. Ənənəvi bank filiallarının dəyişdirilməsini düşünürük. Adətən "full" filiallar nəzərdə tutulur. Yəni bankda hansı xidmət və məhsullar varsa, hamısı filiallarda da olur. Biz istəyirik ki, bu fərqlilikdə regiona uyğun olaraq bəzi məhsullar olsun və ya olmasın. İşçi sayını da ona uyğun tənzimləyə bilək. Kassası olmayan filiallar açmaq istəyirik. Onlayn xidmətlər olan yerdə kassadan, nağd puldan istifadəyə ehtiyac azalır. Yalnız bir işçisi olan nümayəndəliklər açmaq istəyirik. Həmin işçi sadəcə müştərini yönəldəcək”, - A. Həsənov bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda bankın "full" filialı Salyan rayonunda açılacaq. “Salyan həm Bakıya yaxındır, həm də orada neft var. Orada həm hüquqi şəxslər, həm mikro biznes, həm də aqrobiznes fəaliyyət göstərir. Ona görədə Salyandakı filialımız Bakıdakı kimi olacaq. Amma bəzi rayonlar var ki, orada belə böyük hüquqi tələb yoxdur. Bu bizim üçün sınaqdır. Baxarıq, görək necə işləyəcək. Biz “Lukoil” yanacaqdoldurma məntəqələrinin yanında özünə xidmət göstərən otaqlar açmaq istəyirik. Həmin otaqlarda müştərilərə informasiya verən bir əməkdaşımız çalışacaq”.
A.Həsənov əlavə edib ki, bu il Salyan da daxil olmaqla minimum 5 filial açılacaq. Bunların ikisi filial, üçü nümayəndəlik ola bilər.
Qeyd edək ki, “Yelo Bank” ASC-nin 13 filialı fəaliyyət göstərir.
“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı “Topaz Investment” MMC-dir.