Azərbaycanda bank əmanətçiləri çaşqınlıq içində - səbəbkar kimdir?

Azərbaycanda bank əmanətçiləri çaşqınlıq içində - səbəbkar kimdir?
Maliyyə
1201
30 İyun , 2020 15:03
Azərbaycanda bank əmanətçiləri çaşqınlıq içində - səbəbkar kimdir?

Azərbaycanda fəaliyyət göstərən 4 bankın ("AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərin) bağlanmasından sonra tənzimləyici orqan tərəfindən bu banklara əmanət qəbulu ilə bağlı qadağa qoyulduğu, lakin bankların əmanət qəbul etməyə davam etdikləri məlum olub. Nəticədə həmin banklarda olan əmanətlərin əmanətçilərə geri qaytarılmasında müəyyən problemlər yaşanır, çünki müəyyən araşdırma aparılanadək vaxtilə qanunsuz qəbul edilən əmanətlər müvəqqəti bloklanıb.

Bloklanmış əmanətlərin məbləği "AGBank"da 49,2 milyon manat, "NBC Bank"da 12,8 milyon manat, digər banklarda isə az miqdardadır.

“Report” yaranmış vəziyyətdə hansı tərəf və ya qurumun məsuliyyət daşıdığı, gələcəkdə belə halların yaranmaması üçün nələrin edilməli olduğu və digər məsələlərlə bağlı maliyyə üzrə ekspert Vüqar Mirzəzadə ilə həmsöhbət olub.

V.Mirzəzadə verdiyi açıqlamada bildirib ki, yaranmış vəziyyətdə əmanətçilər əmanətlərinin geri alınmasında problem yaşamalı deyillər:

 Vüqar Mirzəzadə
Vüqar Mirzəzadə

“Vəziyyəti qiymətləndirərkən, ilk növbədə, əmanətlərin sığortalanması qaydalarında sığortalı və sığortalı olmayan əmanətlər anlayışına fikir verməliyik. Sığortalı əmanət müəyyən faiz şərtləri çərçivəsində Azərbaycan Respublikası ərazisindəki bank filialları və nümayəndəlikləri tərəfindən qəbul edilmiş əmanətlərdir. Bəzi məhdudiyyətlər xaricində yerləşdirilmiş əmanətlər əsasən sığortalanmış əmanətlər hesab olunur. Hansısa banka əmanətlərini qəbul etməkdə məhdudiyyətlər təyin olunubsa və bu barədə heç bir məlumat dərc olunmayıbsa, bu halda əmanətçi əziyyət çəkməməli və məsuliyyət daşımamalıdır. Bu prosesdə hadisələrin əsas iştirakçıları Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu (ADIF) və banklardır. Banka qadağa qoyulubsa, o əmanətləri cəlb etməli deyil. Əslində ADIF həmin bankdan əmanət siyasəti və digər məsələlər haqqında məlumatlar da alır və almalıdır da. Bu vəziyyətdə problem düzgün məlumat mübadiləsinin olmamasıdır. Məsələ əgər əmanətlərin sığortalanmasına toxunacaqsa və əmanətlərin sığortalanmasında problemlər yaranacaqsa, hər hansı bir tarixdən həmin banka yerləşdirilən əmanətlərin sığortalanmayacağı ilə bağlı bir məlumatın dərc olunması məqsədəuyğundur.

Məsuliyyəti kimin daşımasından asılı olmayaraq əmanətçilərə məlumat verilmədiyi halda əmanətçilər əmanətlərinin sığortalanması qaydaları çərçivəsində əmanətlərinin geri alınmasında problem yaşamalı deyillər. Təbii ki, məhkəmə qərarına qədər məsələ müəyyən qədər dondurula bilər. Amma yenə də, yekunda ödəyicidən asılı olmayaraq əmanətçilər həmin əmanətlərin alınmasında problem yaşamalı deyillər”.

Ekspert qeyd edib ki, bəzi hallarda nəzarətedici orqan bankın təqdim etdiyi hesabatda yeni əmanətlərin cəlb edilməsini görməyə bilər:

“Banklar mütəmadi olaraq Mərkəzi Banka məlumatlar təqdim edirlər. Bura əmanət portfeli haqqında məlumatlar da daxildir. Əmanətlər haqqında məlumatlar müştəri üzrə deyil, ümumi portfel üzrə görünə bilir. Bəzən tələbə görə mühüm dəyişikliklər olubsa, əsas 10 müştəri üzrə məlumatlar təqdim oluna bilər. Amma ümumilikdə bütün müştərilər barədə siyahı təqdim olunmadığından və bir çox hallarda ümumi portfel haqqında məlumat təqdim olunduğundan bəzən gedən müştərilər gələn müştərilərdən çox olanda ümumi portfel azalmış kimi görünür və yeni əmanətlərin gəlməyi gözdən itə bilir. Bu halda nəzarətedici orqan yeni əmanətlərin cəlb olunmasını görməyə bilər. Bunu görmək üçün nəzarətedici qurum bankdan əmanət portfelinin müştəri kodu və ya əmanətin cəlbedilmə tarixi üzrə məlumatları tələb edərək prosesə nəzarəti həyata keçirə bilər. Bankların mütəmadi təqdim etdiyi belə bir xüsusi hesabat forması olmadığından nəzarət edici orqan qadağa tətbiq olunan bankın əmanət qəbul etdiyini görməyə bilər. Lakin nəzarətedici qurum qadağa qoyandan sonra xüsusi hesabat tələb etmək iqtidarındadır və bu barədə bankdan məlumat ala bilər”.

V.Mirzəzadəyə görə, bu kimi halların yaşanması banklara inamı azalda bilər:

“Əmanətçinin əmanət yerləşdirdiyi bank həm ADIF-da üzv bank kimi, həm də Mərkəzi Bankın saytında lisenziyası olan bank kimi qeyd olunur. Əmanətçi banka əmanət yerləşdirirsə, sonradan bu kimi problemlərin yaranması banklara olan inama neqativ təsir göstərir. Çünki bu gündən sonra bu hadisə istənilən bankda baş verə bilər və əmanətçilər arasında müəyyən çaşqınlıq yarada bilər. Əmanətçi düşünür ki, bu gün hansısa bank informasiya mənbələrində lisenziyalı və üzv bank kimi qeyd olunması həqiqəti əks etdirməyə bilər. Əslində isə belə olmalı deyil. Bunun qarşısının alınması üçün mütəmadi olaraq zamanında nəzarətedici orqana məlumatlar təqdim olunmalıdır. Bankın hər hansı maliyyə çətinliyi varsa, bazar iştirakçıları arasında narazılıq yaratmamaq şərtilə orda yerləşdirilən əmanətlərin sığortalı olmaması ilə bağlı məlumat açıqlanmalıdır. Əgər belə bir məlumat təqdim olunmursa, bu əmanət sığortalı hesab olunmalıdır. Çünki əmanətçi əmanətlərin sığortalanması qaydası çərçivəsində əmanət yerləşdirir və bu barədə tam şəkildə məlumat almalıdır. Bankların təqdim etdiyi məlumatlar standartlarına uyğun olaraq saytlara yerləşdirməli və həm ADIF, həm AMB, həm də əmanətçilər arasında məlumat mübadiləsi tam, mütəmadi və açıq şəkildə olmalıdır ki, belə çətinliklər yaranmasın”.