Azərbaycanda 4 bağlanmış bankın əmanətçilərinin pullarını alması müddəti başa çatır

Azərbaycanda 4 bağlanmış bankın əmanətçilərinin pullarını alması müddəti başa çatır Ləğv prosesində olan "Amrah Bank”, “AGBank”, “Atabank” və “NBC Bank” ASC-lərdə qorunan əmanətləri olan fiziki şəxslərə (sahibkarlar istisna olmaqla) kompensasiya ödənilməsi müddəti mayın 8-də başa çatıb.
Maliyyə
9 aprel 2025 17:05
Azərbaycanda 4 bağlanmış bankın əmanətçilərinin pullarını alması müddəti başa çatır

Ləğv prosesində olan "Amrah Bank”, “AGBank”, “Atabank” və “NBC Bank” ASC-lərdə qorunan əmanətləri olan fiziki şəxslərə (sahibkarlar istisna olmaqla)
kompensasiya ödənilməsi müddəti başa çatmaq üzrədir. 

"Report" bu barədə Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə "Atabank" və "Amrah Bank"ın, 12 may 2020-ci il tarixli qərarı ilə isə “NBC Bank” və “AGBank”ın lisenziyaları ləğv edilib. Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” və “Amrah Bank”, 14 may 2020-ci il tarixli qərarı ilə “NBC Bank” və “AGBank” müflis elan edilib və iflas proseduruna başlanılmış, həmin qərarla Fond ləğvedici təyin olunub. 

Qorunan əmanətçilərə kompensasiyaların verilməsi barədə ilk bildiriş "Atabank" və "Amrah Bank" üzrə 8 may 2020-ci il tarixdə, “NBC Bank” və “AGBank” üzrə isə 17 may 2020-ci il tarixdə KİV-də dərc edilmişdir.

“Əmanətlərin sığortalanması haqqında” qanunun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Həmin Qanunun 28.4-cü maddəsində əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

"Atabank" və "Amrah Bank"ın qorunan əmanətçilərinə kompensasiyaların verilməsi və ya kompensasiya vəsaitləri ilə öhdəliklərinin əvəzləşdirilməsi 8 may 2025-ci il tarixdə, “NBC Bank” və “AGBank”da isə bu müddət 17 may 2025-ci tarixdə bitir. Həmin tarixdən sonra məbləğ “Banklar haqqında” qanunun 82.1.8-ci maddəsinə əsasən sonuncu növbə üzrə təminatsız kreditor tələbi kimi qeydə alınacaq.

Qeyd edilən müddət və tarixləri nəzərə alaraq “Amrah Bank”, “AGBank”, “Atabank” və “NBC Bank”da bu günə qədər qorunan əmanətlər üzrə kompensasiya almayan şəxslərə onların vaxtında müraciət etməsini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlərlə birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən Əmanətlərin Sığortalanması Fonduna müraciət etmələri tövsiyə olunur. 

Son xəbərlər

Orphus sistemi