Azərbaycana pul köçürmələri ilə bağlı məlumatlar xarici monitorinq orqanlarına açıq olacaq
- 09 yanvar, 2025
- 13:41
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 22 fevral 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası”nda dəyişikliklər edib.
“Report” xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, emitent və benefisiar kimi çıxış edən maliyyə institutu Azərbaycandan kənarda həyata keçirilən əməliyyatlarla bağlı əmlakın cinayət yolu ilə əldə edilməsinə və terror aktının hazırlanmasında, təşkil olunmasında və ya törədilməsində, habelə terrorçunun və ya terrorçu qrupun maliyyələşdirilməsində istifadə olunacağına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların müəyyən edilməsi məqsədilə ödəyici və vəsait alana dair bütün məlumatları nəzərdən keçirməli və əməliyyatın həyata keçirildiyi ölkənin qanunvericiliyinə müvafiq olaraq bu hallarla bağlı məlumatların maliyyə monitorinqi orqanı üçün əlçatanlığını təmin etməlidir.
Həmçinin vasitəçi maliyyə institutu elektron köçürmə zəncirində ötürülməsi zəruri olan məlumatların tam olmadığı elektron köçürmələrlə bağlı aşağıdakıları ehtiva edən risk əsaslı siyasət və prosedurlara malik olmalıdır:
- belə elektron köçürmələrin icrasından imtina edilməsi, yaxud icrasının dayandırılması halları;
- belə elektron köçürmələrə dair risk iştahası səviyyəsinə uyğun olaraq görüləcək növbəti tədbirlər, o cümlədən işgüzar münasibətdə olduğu müvafiq maliyyə institutu ilə işgüzar münasibətlərə yenidən baxılması ilə əlaqədar tədbirlər.
AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.