Azərbaycana İslam bankçılığı lazımdırmı?

Azərbaycana İslam bankçılığı lazımdırmı? Azərbaycana islam bankçılığı lazımdırmı?
Maliyyə
5 Avqust , 2020 15:32
Azərbaycana İslam bankçılığı lazımdırmı?

Azərbaycanda İslam bankçılığının tətbiqi ilə bağlı təkliflər hazırlamaq üçün seçilmiş şirkət - "Ekvita Consulting" MMC artıq işini yekunlaşdırıb. 

Bu barədə "Report"a İslam İnkişaf Bankından bildirilib. 

Xatırladaq ki, Azərbaycanın 1992-ci ildən üzv olduğu bu beynəlxalq maliyyə qurumu İslam bankçılığına dair hüquqi bazanın yaradılması məqsədilə Azərbaycan hökumətinə 200 min ABŞ dolları məbləğində texniki yardım ayırıb. Bununla bağlı tərəflər arasında qrant sazişinə 2017-ci ilin yanvar ayında imza atılıb. Texniki dəstək layihəsinin icrası isə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) həvalə olunub. Elə məsləhətçi şirkət də hazırladığı təklifləri bu dövlət qurumuna təqdim edib. Azərbaycanda İslam bankçılığının tətbiqi ilə bağlı ayrıca qanunvericilik bazasının hazırlanması və yaxud mövcud bank qanunvericiliyinə müəyyən əlavələrin edilməsi təklif olıunur. Son nəticədə ölkədə İslam bankçılığının əsəs məhsullarını təqdim etmək imkanı yaranmalıdır. Bu isə ölkədə fəaliyyət göstərən bankların tərkibində İslam bankçılığı pəncərələrinin açılması ilə mümkün ola bilər.

Bəs Azərbaycana islam bankçılığı lazımdırmı?

İqtisadçı-ekspert Elşad Məmmədov hesab edir ki, koronavirus pandemiyasının yaratdığı iqtisadi böhran şəraitində islam bankçılığına nəzər yetirmək mühümdür: "Faktiki olaraq bank faizlərinə, ümumiyyətlə faiz siyasətinə söykənən iqtisadi model çox ciddi şəkildə tənəzzülə uğrayıb. Bu gün bu modelin kapital qoyuluşunu stimullaşdırmasını görmürük. Təsadüfi deyil ki, ABŞ-ın Federal Ehtiyat Sistemi 1980-ci ildən bu günə qədər uçot dərəcəsini 18% faizdən 0%-ə endirib. Bu onu göstərir ki, faizlərə söykənən iqtisadi inkişaf modeli tam şəkildə iflasa uğrayıb. Maliyyə bazarlarında "süni köpük" meylləri genişlənib və bu da iqtisadiyyatda dərin böhrana, qeyri tarazlığa səbəb olur. Bütün bunlar məhz o növ maliyyə sisteminə, o növ bankçılığa nəzər yetirməyi diqtə edir ki, orada möhtəkirliklə bağlı hallar olmasın, investisiya mənbələrinin formalaşmasını təklif edilsin. İslam bankçılığı bizə bu kimi üstünlükləri verir”.

"İslam bankçılığı ölkəyə iqtisadi inkişafın yeni modelini gətirə bilər"

"İslam bankçılığının əsas fəlsəfəsi ondan ibarətdir ki, yalnız iqtisadi fəaliyyət nəticəsində yaranan mənfəət bölünə bilər. Amma maliyyə resursunun biznesə qabaqcadan hansısa faiz üzrə verilməsi islam bançılığında qadağandır. Bu gün İslam bankçılığı ölkəyə iqtisadi inkişafın yeni modelini gətirə bilər. Bu yeni model kreditləşmənin yalnız faizlər hesabına maliyyə sektorundakı mənfəətin artımına deyil, məhz iqtisadiyyatın real sektoruna, iqtisadi inkişafa, əhalinin sosial rifahının yüksəldilməsinə, texniki tərəqqinin inkişafına, innovasiyaların tətbiqinə yönəlməsinə imkan verə bilər", - deyə o, əlavə edib. 

Xatırladaq ki, İslam bankçılığı daha cox "faizsiz maliyyə" kimi xarakterizə olunmaqdadır. İlk dəfə olaraq bu sistem 1963-66-cı illərdə Misirdə tətbiq edilib. Hazırda isə onun əhatə dairəsi ABŞ-dan Çinə qədər dünyanın müxtəlif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələridir. 

İslam Bankçılığında iqtisadi münasibətlər əsasən tərəfdaşlıq prinsiplərinə söykənir. Belə ki, şəriklik prinsipi əsasında aparılan investisiya layihələrində bank, mənfəətlə yanaşı, biznes prosesində əmələ gələn zərərləri də müştəri ilə bölüşdürür. Bu da, öz növbəsində hər iki tərəfin məsuliyyətini ikiqat artırır. Həmçinin, İslam bankçılığı, bütün müqavilələrdə, gələcəkdə iqtisadi mübahisələrin yaranmasına səbəb ola biləcək qeyrimüəyyənlik xarakterli müddəaların mövcud olmasına yol vermir.

Son xəbərlər

Orphus sistemi