Bu gün Bakıda İcbari Sığorta Bürosu (İSB) ilə Türkiyə Motorlu Taşıt Bürosu arasında Yaşıl Kart sistemlərinin inteqrasiyası üzrə əməkdaşlıq protokolunun imzalanması mərasimi keçirilib.
"Report" xəbər verir ki, bununla bağlı təşkil olunmuş tədbirdə beynəlxalq xarakter daşıdığı üçün Yaşıl Kart Sistemində Milli Sığorta Büroları arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.
Türkiyə və Azərbaycanın Yaşıl Kart Sığorta Büroları olan Türkiyə Motorlu Taşıt Bürosu və İcbari Sığorta Bürosu arasında imzalanan əməkdaşlıq protokolu Yaşıl Kart Sistemi sahəsində tərəfdaşlıq və qarşılıqlı əməkdaşlığın təmin edilməsi məqsədi daşıyır. Sənədə əsasən Türkiyə və Azərbaycan gömrük-sərhəd keçid məntəqələrində hər iki ölkənin Yaşıl Kartlarının etibarlılığının rəqəmsal texnologiyalardan istifadə edilməklə yoxlanılması mümkün olacaqdır. Tərəflər müvafiq qanunvericiliyin tələblərinə uyğun olmaqla məlumat mübadiləsi aparacaq və Yaşıl Kart məlumatları ilə bağlı gömrük-sərhəd keçid məntəqələrinə zəruri köməkliyin göstərilməsi işini təmin edəcəklər.
Tərəflər arasındakı elektron sistemlərin inteqrasiyası Yaşıl Kart Sisteminə qoşulmuş digər üzv ölkələr üçün nümunə təşkil etməklə yanaşı rəqəmsal nəzarəti təmin edilməsinə imkan yaradacaqdır. İki qurum arasında aparılan inteqrasiya işləri saxta “Yaşıl Kart” müqavilələrinin satılması ilə bağlı yaşanan problemlərin həllində də əhəmiyətli dönüş nöqtəsi hesab olunur. Beləki, artıq Azərbaycana məxsus avtomobil Türkiyə Respublikasının gömrük məntəqələrinə daxil olduqda “Yaşıl Kart”ın etibarlılığı elektron qaydada müəyyən ediləcək. Türkiyə Respublikasında qeydiyyatdan keçmiş nəqliyyat vasitəsi də Azərbaycana daxil olarkən elektron sistem vasitəsi ilə sığorta təminatı barədə məlumat əldə ediləcək. Bu da öz növbəsində saxta “Yaşıl Kart” sığorta şəhadətnaməsi ilə ölkəyə girişin qarşısını alınmış olacaqdır.
İcbari Sığorta Bürosunun təşəbbüsü ilə Türkiyə və Azərbaycanın Yaşıl Kart Sığorta Büroları arasında həyata keçirilən inteqrasiya Beynəlxalq Bürolar Şurasının fəaliyyətində ilk təcrübədir.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində fəaliyyət göstərən Yaşıl Kart Sistemi 1949-cu ildə beynəlxalq nəqliyyatı asanlaşdırmaq və beynəlxalq avtonəqliyyat Yaşıl Kart Sistemi çərçivəsində zərərlərin tənzimlənməsi üçün yaradılıb.
Azərbaycan və Türkiyə Yaşıl Kart Sığorta Büroları olan İcbari Sığorta Bürosu və Türkiyə Motorlu Taşıt Bürosu 46 ölkənin Sığorta Bürolarının təmsil olunduğu və beynəlxalq yol-nəqliyyat hadisəsində zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsini təmin edən Yaşıl Kart Sistemi üzrə əlaqələndirici ixtisaslaşdırılmış təşkilat kimi Bürolar Şurasının üzvləridir.