Azərbaycan və Türkiyə əmanətlərin sığortalanması və ləğvetmə prosesinin xüsusiyyətlərini müzakirə ediblər

Azərbaycan və Türkiyə əmanətlərin sığortalanması və ləğvetmə prosesinin xüsusiyyətlərini müzakirə ediblər Türkiyənin Tasarruf Mevduatı Sıgorta Fondunun (TMSF) sədri Fatin Rüştü Karakaşın rəhbərliyi ilə nümayəndə heyəti noyabrın 25-26-da Azərbaycanda rəsmi işgüzar səfərdə olub.
Maliyyə
5 Dekabr , 2024 13:04
Azərbaycan və Türkiyə əmanətlərin sığortalanması və ləğvetmə prosesinin xüsusiyyətlərini müzakirə ediblər

Türkiyənin Tasarruf Mevduatı Sıgorta Fondunun (TMSF) sədri Fatin Rüştü Karakaşın rəhbərliyi ilə nümayəndə heyəti noyabrın 25-26-da Azərbaycanda rəsmi işgüzar səfərdə olub.

"Report" Azərbaycanın Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) istinadən xəbər verir ki, səfərin əsas məqsədi ƏSF ilə rəsmi görüşün keçirilməsi, təcrübə mübadiləsi və hər iki təşkilatı maraqlandıran məsələlərin müzakirəsi olub.

TMSF-in nümayəndə heyətinin tərkibində həmçinin fond rəhbərinin müavini və “YAZ Bilgi Sistemleri” İdarə Heyətinin sədri Melek Küreeminoğlu, “YAZ Bilgi Sistemleri”nin baş direktoru Fatih Hastürk və biznesin inkişafı üzrə meneceri Gökberk Yılmaz təmsil olunublar.

Belə ki, səfərin ilk günü Əmanətlərin Sığortalanması Fondu əməkdaşları tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanan qonaq nümayəndə heyəti ilə birlikdə Şəhidlər Xiyabanı, Fəxri Xiyaban və Bakıdakı “Türk Şəhidliyi” abidəsinə ziyarət təşkil edilmiş və Əmanətlərin Sığortalanması Fondu tərəfindən təşkil edilmiş şam yeməyi baş tutub.

Səfərin ikinci günü ƏSF və TMSF arasında geniş tərkibdə rəsmi görüş keçirilib. Görüş ƏSF-nin icraçı direktoru Tural Piriyevin açılış nitqi ilə başlanmış, daha sonra Fondun Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru tərəfindən Fond barədə ümumi məlumatı əks etdirən, Maliyyə Departamentinin direktoru Vüqar Aslanzadə tərəfindən Fondun maliyyə vəziyyəti barədə, Hüquq Departamentinin direktoru Azər Əmirov tərəfindən hüquqi məsələlərlə bağlı, İT və təhlükəsizlik departamentinin direktoru Emil Quliyev tərəfindən Fondun fəaliyyətində informasiya texnologiyalarının tətbiqi məsələləri ilə bağlı təqdimatlarla, habelə qarşılıqlı müzakirələr və məlumat mübadilələri ilə davam edib.

Görüşün gedişatında TMSF rəhbəri Fatin Rüştü Karakaş tərəfindən Türkiyə Respublikasında əmanətlərin sığortalanması və ləğvetmə prosesinin xüsusiyyətləri haqqında ümumi məlumatları əhatə edən təqdimat edilib.

Eyni zamanda ƏSF-nin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları ilə “YAZ Bilgi Sistemleri” şirkətinin nümayəndələri arasında həmin şirkətin təklif etdiyi xidmətlər, məhsullar və TMSF-də tətbiq edilən informasiya texnologiyaları həlləri barədə təqdimatları və məlumat mübadiləsini əhatə edən ayrıca görüş keçirilib.

Son xəbərlər

Orphus sistemi