Azərbaycan və Qırğızıstanın ipoteka qurumları arasında görüş keçirilib

Azərbaycan və Qırğızıstanın ipoteka qurumları arasında görüş keçirilib Bu gün İpoteka və Kredit Zəmanət Fondu (Fond) ilə Qırğızıstana məxsus “Dövlət İpoteka Şirkəti” ASC arasında video formatda təcrübə mübadiləsi həyata keçirilib.
Maliyyə
23 Oktyabr , 2020 16:23
Azərbaycan və Qırğızıstanın ipoteka qurumları arasında görüş keçirilib

Bu gün İpoteka və Kredit Zəmanət Fondu (Fond) ilə Qırğızıstana məxsus “Dövlət İpoteka Şirkəti” ASC arasında video formatda təcrübə mübadiləsi həyata keçirilib.

"Report" xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, görüşdə iki qurumun rəhbərliyi, habelə Qırğızıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak edib.

Görüşdə əvvəlcə Qırğızıstan nümayəndə heyətinə Ermənistanın 30 ilə yaxındır ki, Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, o cümlədən sentyabrın 27-dən etibarən hərbi təxribatları, Azərbaycan Ordusunun öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə geniş məlumat verilib. Bildirilib ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycanda qismən hərbi səfərbərlik elan edilib və artıq onlarla strateji yüksəklik, xeyli sayda yaşayış məntəqəsi və kənd düşmən işğalından azad edilib. Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisini raket atəşinə tutması və mülki obyektlərə ziyan vurması barədə məlumat verilib. Qeyd olunub ki, beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi terror aktlarına görə sərt şəkildə qınamalı, bu fəaliyyətdən çəkindirməyə səsləməlidir. Öz növbəsində, qarşı tərəf ölkəmizin ərazi bütövlüyünün tanınması istiqamətində Azərbaycanın haqq səsini qardaş qırğız xalqının da dəstəklədiyini bir daha bəyan edib.

Təcrübə mübadiləsi çərçivəsində qarşı tərəfə Fondun fəaliyyət istiqamətləri, xüsusilə ipoteka kreditlərinin verilmə şərtləri, ipoteka kreditlərinə zəmanətlərin verilməsi qaydası, habelə “Elektron ipoteka və kredit zəmanət sistemi”, vətəndaşların elektron sistem vasitəsilə ipoteka kreditlərinə müraciəti qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, mövcud elektron sistem ən müasir texnoloji platforma üzərində qurulub, Fondda tətbiq olunan digər yeni əməliyyat sistemlərinə inteqrasiya edilib.

Xatırladaq ki, “Dövlət İpoteka Şirkəti” Qırğızıstan hökumətinin təşəbbüsü ilə vətəndaşların yaşayış sahələrinə əlçatanlığının artırılması, mənzil təminatı probleminin həlli məqsədilə 2015-ci ildə təsis olunub.

Son xəbərlər

Orphus sistemi