Azərbaycan və ADB əməkdaşlığın gələcək istiqamətlərini müzakirə edib

Azərbaycan və ADB əməkdaşlığın gələcək istiqamətlərini müzakirə edib Azərbaycan və Asiya İnkişaf Bankı (ADB) arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Maliyyə
20 iyun 2023 12:56
Azərbaycan və ADB əməkdaşlığın gələcək istiqamətlərini müzakirə edib

Azərbaycan və Asiya İnkişaf Bankı (ADB) arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazir Samir Şərifov ADB-nin Direktorlar Şurasında Azərbaycanı təmsil edən icraçı direktor xanım Rachel Thompsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə ADB əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, o cümlədən bankın dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr, Direktorlar Şurasında Azərbaycanın daha səmərəli şəkildə təmsilçiliyi barədə müzakirələr aparılıb.

S.Şərifov ölkəmizin beynəlxalq maliyyə-iqtisadi qurumlarla, o cümlədən ADB ilə əməkdaşlığa önəm verdiyini, bankın ölkəmizə maliyyə-texniki dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən Böyük Qayıdış proqramından danışan nazir Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda icra edilən infrastruktur layihələri, həmçinin həmin ərazilərdə müasir yol-nəqliyyat infrastrukturunun qurulması, dəmir yolu xətlərinin çəkilməsinin ümumilikdə regionun tranzit mövqeyini daha da artıracağını bildirib.

Azərbaycana səfəri çərçivəsində müharibə və işğal dövründə ən çox zərər görən Ağdam şəhərində olduğunu və işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli bərpa və quruculuq işləri ilə yerində tanış olduğunu deyən xanım R.Thompson bu səfərin onda yaratdığı böyük təəssüratla Bankın Direktorlar Şurasında Azərbaycanın mövqeyini daha aydın şəkildə təmsil edəcəyini vurğulayıb. O, ADB-nin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirib, birgə təşəbbüslərin və layihələrin ölkədə sürətli inkişafı dəstəkləyəcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi