Bakı. 24 iyun. REPORT.AZ/ Gələn ayın əvvəlində Türkiyənin aqrar sığorta sahəsində təcrübəsini öyrənmək məqsədi ilə Azərbaycandan bu ölkəyə nümayəndə heyəti gedəcək. "Report"un məlumatına görə, bu barədə Türkiyənin TARSİM - aqrar sığorta sisteminin baş meneceri Yusuf Satoğlu məlumat verib.
Onun sözlərinə görə, bu, Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sığortasına dair ilk görüş olacaq: "Azərbaycan tərəfinə bu məsələ ilə bağlı təcrübəmizi izah edəcəyik. TARSİM son 10 il ərzində aqrar sığorta sahəsində ən yaxşı təcrübələrdən biridir. Buna görə, Azərbaycanla təcrübəmizi paylaşmaq istəyirik. Düşünürəm ki, il ərzində bu cür görüşlərimiz davam edəcək".
Xatırladaq ki, Azərbaycanda kənd təsərrüfatının sığortalanması ilə bağlı hazırlanmış qanun layihəsində TARSİM modeli əsas götürülüb. Bu modelə görə, aqrar sahədə risklərdən qorunmaq üçün "sığorta daxılı" mexanizmi yaradılmalıdır. Sığorta şirkətləri topladıqları sığorta haqlarını "Sığorta daxılı"na təhvil verməli, buna görə komisyon haqqı almalıdır. Başqa sözlə, şirkətlər "Sığorta daxılı"nı idarə edən büronun agentinə çevrilir. Sığorta ödənişləri isə birbaşa büro tərəfindən aparılır.