Azərbaycan Türkiyədən elektrik və elektronika məhsullarının idxalını artırıb
- 08 iyul, 2023
- 09:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 128,370 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Məlumata görə, bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə 24,3 % çoxdur.
Təkcə iyun ayında Türkiyə Azərbaycana 17,456 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 8,6 % çoxdur.
Bu ilin 6 ayında Türkiyənin ümumi elektrik və elektronika məhsulları ixracının dəyəri illik müqayisədə 8 % artaraq 7,926 milyard ABŞ dollarına, iyun ayında isə 1,2 % azalaraq 1,340 milyard ABŞ dollarına çatıb.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 1 milyard 086,639 milyon ABŞ dolları dəyərində əmtəə və xidmət idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 % çoxdur.
Təkcə iyun ayında isə Türkiyənin Azərbaycana ixracının dəyəri 172,388 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 6,1 % azdır.