Azərbaycan Türkiyədə keçiriləcək ənənəvi “Sığorta həftəsi”nə dəvət olunub

Azərbaycan Türkiyədə keçiriləcək ənənəvi “Sığorta həftəsi”nə dəvət olunub "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi Türkiyəyə ilk işgüzar səfərini həyata keçirib.
Maliyyə
25 Noyabr , 2021 14:36
Azərbaycan Türkiyədə keçiriləcək ənənəvi “Sığorta həftəsi”nə dəvət olunub

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi Türkiyəyə ilk işgüzar səfərini həyata keçirib.

ASA-dan “Report”a verilən məlumata görə, səfər Türkiyə Sığorta Birliyi (TSB) ilə imzalanmış memorandum çərçivəsində baş tutub.

Səfər müddətində ASA-nın İcraçı direktoru Elmar Mirsalayev və Assosiasiyanın nümayəndə heyəti qardaş ölkənin müxtəlif sığorta təşkilatları və şirkətləri ilə görüşlər keçirərək Türkiyənin sığorta təcrübəsi ilə yaxından tanış olublar.

Səfər çərçivəsində TSB-nin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə iki ölkə arasında sığorta sahəsində münasibətlərin formalaşdırılması, eyni zamanda kadr və təcrübə mübadiləsi istiqamətində imkanlar müzakirə edilib. TSB sədri Atilla Benli ASA rəhbərliyini 2022-ci ildə İstanbulda keçiriləcək ənənəvi “Sığorta həftəsi”nə fəxri qonaq olaraq dəvət etdiyini bildirib.

Artıq 1 ildir ki, ölkəmizdə yerli sığorta bazarı iştirakçılarının kadr potensialının təkmilləşdirilməsi, eyni zamanda sığortaçıların bilik və bacarıqlarının artırılması istiqamətində kütləvi təlimlər təşkil edən Türkiyə Sığorta İnstitutu Vəkfinin (TSEV) rəhbərliyi ilə də görüş keçirilib. Görüşdə yerli bazarın tələbatına uyğun olaraq növbəti mərhələdə təşkil olunacaq yeni təlimlərin istiqamətlərinin müəyyənləşdiriləcəyi ilə bağlı razılığa gəlinib.

Səfərdə eyni zamanda Türkiyədə həyat sığortası, qeyri-həyat sığortası və təkrarsığorta seqmentləri üzrə fəaliyyət göstərən sığorta şirkətləri ilə də görüşlər keçirilib. Bu görüşlərdə qardaş ölkənin sığorta bazarında tətbiq edilən trendlər və müşahidə olunan tendensiyalarla bağlı məlumat ASA təmsilçilərinə təqdim olunub. Şirkətlərlə təşkil olunan görüşlərin yekununda təcrübə-məlumat mübadiləsinin həyata keçirilməsi məqsədi ilə ölkəmizdə müvafiq istiqamətlər üzrə çalışan sığortaçıların Türkiyə sığorta mütəxəssisləri ilə zoom-görüş və vebinarların təşkil olunacağı ilə bağlı razılıq əldə olunub.

Dünya təcrübəsinin öyrənilməsi və yerli bazarda tətbiq olunması məqsədi ilə təşkil olunan bu kimi səfər və tədbirlər növbəti mərhələdə də davamlı şəkildə həyata keçiriləcək.

ASA ilə TSB ilə arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum ötən il dekabrın 21-də imzalanıb.

Son xəbərlər

Orphus sistemi