Azərbaycan şirkəti nizamnamə kapitalını artırır, dollarla istiqraz buraxır
- 27 aprel, 2023
- 08:07
Yeniliklərdən dərhal xəbərdar olun!
"GL" ASC "Bakı Fond Birjası" QSC-də səhmlərini və istiqrazlarını yerləşdirməyə hazırlaşır.
"Report" bu barədə qiymətli kağızların İnformasiya Memorandumlarına istinadən xəbər verir.
Sənədlərə əsasən, söhbət hər birinin nominal dəyəri 2 005 manat olan 25 ədəd, yəni 50 125 manatlıq adi, sənədsiz,adlı səhmdən, eləcə də hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 400 ədəd, yəni 400 min dollarlıq faizli, tәminatsız, sәnәdsiz, adlı istiqrazdan gedir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Həm səhmlər, həm də istiqrazlar üzrə anderryater "Azfinance İnvestisiya Şirkəti" QSC-dir.
Səhmlər ilk 2 iş günü ərzində şirkətin üstünlük hüququna malik olan yeganə səhmdarı Fərman Quliyevə, daha sonra isə kənar investorlara təklif olunacaq. Yerləşdirmə tam baş tutsa, "GL"in nizamnamə kapitalı 24,5 % artaraq 204 510 manatdan 254 635 manata çatacaq.
İstiqrazlara gəlincə isə, onlar 5 il tədavüldə olacaq və illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Emitentin tədavül müddətində istiqrazları geri alması nəzərdə tutulmayıb.