İqlim dəyişikliyi təkcə ekosistemlərə deyil, eyni zamanda iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sığorta sektoruna da ciddi təsir göstərir. Son illərdə təbii fəlakətlərin və iqlim risklərinin artması nəticəsində sığorta sektoru bu risklərə qarşı yeni məhsullar və həll yolları yaratmaq məcburiyyətində qalıb.
Azərbaycanda bu proseslər qlobal trendlərlə ayaqlaşırmı? Sığorta bazarı ekoloji risklərin təsirlərini azaltmaq üçün hansı tədbirlər görür?
“Report” mövzunu araşdırıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayev “Report”a bildirib ki, yerli sığorta şirkətləri iqlim dəyişikliyinin təsirlərinə qarşı davamlı məhsullar yaratmaq üçün yeni modellər tətbiq edirlər:
“Bu addımlar yalnız daxili bazarın tələblərini qarşılamaq üçün deyil, eyni zamanda qlobal trendlərə uyğun olaraq sosial məsuliyyətin artan əhəmiyyətini nəzərə alaraq atılır. Azərbaycanın sığorta bazarı son illərdə xüsusilə iqlim riskləri ilə üz-üzədir. Kür və Araz çaylarında suyun azalması, Xəzər dənizində su səviyyəsinin düşməsi kimi hadisələr ekosistemə və iqtisadiyyatın müxtəlif sektorlarına mənfi təsir edir. Bu təsirlər sığorta bazarında təbii fəlakətlərə qarşı yeni məhsulların yaradılmasına ehtiyac yaradır. Məsələn, quraqlıq, daşqın və torpaq sürüşmələri kimi hadisələrin artması kənd təsərrüfatı, tikinti və daşınmaz əmlak sahələrində riskləri daha da artırır. Bu risklərə qarşı daha səmərəli məhsullar yaratmaq sığorta şirkətlərinin əsas vəzifələrindən biridir”.
E.Mirsalayev əlavə edib ki, ASA və üzv sığorta şirkətləri ekoloji mühitin qorunması üçün bir sıra konkret tədbirlər görürlər:
“Bu təşəbbüslərdən biri “Yaşıl Marafon” layihəsi çərçivəsində hər il keçirilən ağacəkmə aksiyalarıdır. Azərbaycan Mərkəzi Bankı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi kimi qurumlarla əməkdaşlıq çərçivəsində keçirilən bu cür ekoloji təşəbbüslər, həm ekoloji məsuliyyəti artırır, həm də iqlim risklərinə qarşı daha dayanıqlı cəmiyyət və iqtisadiyyat qurmağa kömək edir. Bu fəaliyyətlər sığorta sektorunun yalnız risklərin idarə edilməsi ilə kifayətlənmədiyini, həm də sosial məsuliyyəti ön plana çıxardığını göstərir”.
E.Mirsalayev qeyd edib ki, Azərbaycan sığorta şirkətləri hazırda iqlim dəyişikliyindən yaranan risklərə qarşı yeni məhsullar üzərində çalışırlar:
“Bu məhsullar arasında təbii fəlakətlər və kənd təsərrüfatı itkilərinə qarşı sığorta növləri önəm daşıyır. Xüsusilə, “yaşıl enerji” təşəbbüsləri çərçivəsində elektromobillərə KASKO sığortasında endirimlər təklif olunur və elektromobil istifadəçiləri üçün pulsuz şarj xidmətləri təqdim edilir. Bu cür təşəbbüslər həm ekoloji, həm də maliyyə baxımından sektorda yeniliklərə yol açır”.
ASA sədri ESG (Ekoloji, Sosial və İdarəetmə) strategiyalarının sığorta bazarında tətbiqinin artan əhəmiyyətini vurğulayıb:
“Sığorta şirkətləri ESG yönümlü aksiyalar icra edir, rəqəmsallaşma və avtomatlaşdırma proseslərini sürətləndirərək kağız istifadəsini azaldır. Bu yanaşma ekoloji təsirləri minimuma endirməkdən əlavə, xərclərin azaldılmasına da töhfə verir. Rəqəmsal transformasiya yalnız kağız istifadəsini deyil, həm də sığorta proseslərinin daha sürətli və effektiv idarə olunmasını təmin edir”.
O, ekoloji təşəbbüslərin sığorta tariflərinə və müqavilə şərtlərinə təsir edəcəyini də qeyd edib:
“Sığorta şirkətlər “ekoloji dost” tədbirlər çərçivəsində mövcud tariflərə yenidən baxaraq endirimlər təklif etməyi planlaşdırır. Bu, ekoloji təşəbbüsləri dəstəkləyən müştərilər üçün cəlbedici təklif ola bilər və bazarda rəqabəti gücləndirə bilər”.
Assosiasiya rəhbəri vurğulayıb ki, iqlim dəyişikliyi Azərbaycan sığorta bazarını yenidən formalaşdırır:
“Ekoloji mühitin qorunması və iqlim risklərinə qarşı sığorta məhsullarının yaradılması həm sosial məsuliyyət, həm də bazarın inkişafı baxımından vacibdir. Sığorta şirkətləri bu təşəbbüslərlə yalnız özlərini deyil, həm də cəmiyyəti və iqtisadiyyatı daha təhlükəsiz və davamlı bir gələcəyə hazırlayırlar”.