“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 4 dəfə artıb
- 20 aprel, 2022
- 12:21
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan Sənaye Bankı” ASC (ASB) bu ilin I rübünü 1,569 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 dəfə çoxdur.
Yanvar-mart aylarında ASB-nin gəlirləri 7,692 milyon manat (illik müqayisədə 12,6% az), xərcləri 6,369 milyon manat (21,6% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 617 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 371 min manat (3,7 dəfə çox) təşkil edib.
Bu il aprelin 1-nə ASB-nin aktivləri 810,569 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,9% azdır. Bunun 247,713 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 1,9% böyüyüb.
Hesabat dövründə ASB-nin öhdəlikləri 10,3% azalaraq 703,755 milyon manata, o cümlədən depozit portfeli 17,4% azalaraq 507,933 milyon manata düşüb, balans kapitalı isə 1,8% artaraq 106,814 milyon manata çatıb.
Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.