“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 32 % azalıb
- 20 aprel, 2023
- 05:20
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan Sənaye Bankı” ASC (ASB) bu ilin I rübünü 1,063 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 32,2% azdır.
Yanvar-mart aylarında ASB-nin gəlirləri 9,877 milyon manat (illik müqayisədə 28,4 % çox), xərcləri 8,861 milyon manat (39,1 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 0,337 milyon manat (45,4 % az), mənfəət vergisi ödəmələri isə 289 min manat (22,1 % az) təşkil edib.
Bu il aprelin 1-nə ASB-nin aktivləri 718,786 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,3 % azdır. Bunun 232,599 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,1 % kiçilib.
Hesabat dövründə ASB-nin öhdəlikləri 13,6 % azalaraq 608 milyon manata, o cümlədən depozit portfeli 17,8 % azalaraq 417,722 milyon manata düşüb, balans kapitalı isə 3,7 % artaraq 110,786 milyon manata çatıb.
Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.