“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 3 dəfə artıb

Maliyyə
  • 21 iyul, 2022
  • 11:15
“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 3 dəfə artıb

“Azərbaycan Sənaye Bankı” ASC (ASB) bu ilin I yarısını 3,002 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,7 dəfə çoxdur.

Yanvar-iyun aylarında ASB-nin gəlirləri 16,412 milyon manat (illik müqayisədə 5,3 % az), xərcləri 13,414 milyon manat (13,1% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 764 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 761 min manat (2,7 dəfə çox) təşkil edib.

Bu il iyun 1-nə ASB-nin aktivləri 737,933 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 14,7 % azdır. Bunun 250,929 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,4 % böyüyüb.

Hesabat dövründə ASB-nin öhdəlikləri 17 % azalaraq 629,854 milyon manata, o cümlədən depozit portfeli 22,6 % azalaraq 456,468 milyon manata düşüb, balans kapitalı isə 2,2 % artaraq 108,078 milyon manata çatıb.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

44 filmi