"Azərbaycan Sənaye Bankı"nın aktivləri ötən il 14% artıb

"Azərbaycan Sənaye Bankı"nın aktivləri ötən il 14% artıb Bank illik xalis mənfəətini 50% artırıb
Maliyyə
19 Yanvar , 2017 15:34
Azərbaycan Sənaye Bankının aktivləri ötən il 14% artıb

Bakı. 19 yanvar. REPORT.AZ/ “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 787,179 mln. manat təşkil edib. “Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin əvvəlinə nisbətən 14,02% çoxdur.

ASB-nin aktivlərinin 297,419 mln. manatını və yaxud 37,78%-ni müştərilərə verilmiş kreditlər təşkil edib. Əvvəlki ilin yanvarın 1-i ilə müqayisədə Bankın kredit portfeli 76,24% böyüyüb.

İl ərzində ASB-nin vaxtı keçmiş kreditləri 8,75% artaraq 7,852 mln. manat olub. Əvəzində Bankın problemli kreditlərin ümumi kredit portfelində payı 4,28%-dən 2,64%-ə düşüb.

Hesabat ilində ASB-nin cəmi öhdəlikləri 14,76% artaraq 702,526 mln. manata çatıb. O cümlədən, Bankın depozit portfeli 1,65% artaraq 432,708 mln. manat, burada yerləşdirilmiş əhali əmanətləri (fiziki şəxslərin müddətli depozitləri) 2,78% artaraq 324,781 mln. manat olub. Kredit təşkilatının Mərkəzi Bank qarşısında öhdəliyi isə 10 mln. manat olaraq qalıb.

Ötən il ASB-nin cəmi kapitalı isə 8,18% artaraq 84,654 mln. manat təşkil edib. Bankın nizamnamə kapitalı 60 mln. manat olaraq qalıb.

Hesabat dövründə ASB-nin faiz gəlirləri 18,386 mln. manat (2015-ci ilə nisbətən 3,86% azalma), faiz xərcləri 9,489 mln. manat (59,86% artım), qeyri-faiz gəlirləri 8,22 mln. manat (41,87% artım), qeyri-faiz xərcləri isə 8,773 mln. manat (4,44% azalma) təşkil edib. Son nəticədə. Bankın xalis əməliyyat mənfəəti 8,345 mln. manat olub. Bu, əvvəlki illə müqayisədə 14,86% azdır.

ASB aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 3,589 mln. manat yönəldib, 922 min manat isə mənfəət vergisi ödəyib. Beləliklə, Bank 2016-cı ili 3,833 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2015-ci ilə nisbətən 49,9% çoxdur.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 60 mln. səhm əsasında formalaşıb. Səhmlərinin 94,2517%-i "Anadolu Investment Company" MMC-yə, 5,1735%-i "Azərbaycan Sənaye Sığorta" ASC-yə, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi