“Azərbaycan Sənaye Bankı” maliyyə vəziyyətini açıqlayıb
- 11 oktyabr, 2024
- 15:13
“Azərbaycan Sənaye Bankı” ASC (ASB) bu ilin yanvar-sentyabr aylarını 4,7 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 35 % çoxdur.
9 ay ərzində ASB-nin gəlirləri 38,378 milyon manat (illik müqayisədə 16,9 % çox), xərcləri 32,68 milyon manat (15,4 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 209 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 1,206 milyon manat (35,5 % çox) təşkil edib.
Bu il oktyabrın 1-nə ASB-nin aktivləri 745,041 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,3 % çoxdur. Bunun 257,352 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8 % böyüyüb.
Hesabat dövründə ASB-nin öhdəlikləri 5,3 % artaraq 625,794 milyon manat, o cümlədən depozit portfeli 1,3 % artaraq 444,451 milyon manat, balans kapitalı isə 5,3 % artaraq 119,247 milyon manat olub.
Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.