Azərbaycan sayğac idxalı xərcini 2 dəfə, ixrac gəlirini isə 62 % artırıb

Maliyyə
  • 25 noyabr, 2021
  • 08:05
Azərbaycan sayğac idxalı xərcini 2 dəfə, ixrac gəlirini isə 62 % artırıb

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 31,57 milyon ABŞ dolları dəyərində 832 444 ədəd qaz, maye və elektrik enerjisi sayğacları idxal edib.

“Report”un Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 94,9 %, kəmiyyət olaraq – 40 % çoxdur.

Eyni dövr ərzində həmin cihazlardan 439,61 min ABŞ dolları dəyərində 29 891 ədəd ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 62,21 % və 27,37 % çoxdur.

Hesabat dövründə Azərbaycana 21,704 milyon ABŞ dolları dəyərində 586 051 qaz sayğacı idxal olunub ki, bu da əvvəlki ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 97,7 % və 36,5 % çoxdur. Ötən ilin eyni dövründə bir sayğacın orta idxal qiyməti 25,58 ABŞ dolları olub.

Qaz sayğacları ümumilikdə 8 ölkədən tədarük olunub. Cəmi idxalın 97,14 %-i Çinin, 2,79 %-i Türkiyənin payına düşüb. Sonuncu həm də qaz sayğaclarını ixrac etdiyimiz yeganə ölkə olub. Türkiyəyə 60,36 min ABŞ dolları dəyərində 1 623 ədəd müvafiq cihazlar tədarük olunub.

Bu ilin ilk 9 ayı ərzində 90,87 min ABŞ dolları dəyərində 713 maye sayğacları idxal olunub ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 23,25 %, kəmiyyət olaraq – 72,34 % azdır. Həmin cihazlar 9 ökədən tədarük edilib. Bunun 31,4 min ABŞ dolları dəyərində 184 ədədi Türkiyədən, 24,04 min ABŞ dolları dəyərində 7 ədədi Rusiyadan, 17,23 min ABŞ dolları dəyərində 165 ədədi Slovakiyadan, 6,88 min ABŞ dolları dəyərində 18 ədədi İtaliyadan, 4,72 min ABŞ dolları dəyərində 11 ədədi Almaniyadan, 3,17 min ABŞ dolları dəyərində 263 ədədi Gürcüstandan, 1,51 min ABŞ dolları dəyərində 62 ədədi Çindən, 1 min ABŞ dolları dəyərində 1 ədədi ABŞ-dan, 0,91 min ABŞ dolları dəyərində 2 ədədi Cənubi Afrika Respublikasından idxal olunub.

Bu ilin başa çatmış üç rübü ərzində Azərbaycan 379,01 min ABŞ dolları dəyərində 28 265 ədəd maye sayğacı ixrac edib. Bu kateqoriyadan olan məhsulların 171,11 min ABŞ dolları dəyərində 18 259 ədədi Gürcüstana, 99,9 min ABŞ dolları dəyərində 10 min ədədi Qazaxıstana, 108 min ABŞ dolları dəyərində 6 ədədi isə Rusiyaya tədarük edilib. Bir maye sayğacın orta idxal qiyməti 127,45 ABŞ dolları, orta ixrac qiyməti isə 13,41 ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 45,92 ABŞ dolları və 11,16 ABŞ dolları olub.

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricdən 9,769 milyon ABŞ dolları dəyərində 245 680 elektrik enerjisi sayğacı alıb. Bu, 2020-ci ilin eyni dövrünün göstəricilərindən dəyər ifadəsində 91,67 %, kəmiyyət olaraq - 50,71 % çoxdur. Həmin bu cihazların 8,559 milyon ABŞ dolları dəyərində 126 188 ədədi Çindən, 1,144 milyon ABŞ dolları dəyərində 118 911 ədədi Türkiyədən, 58,97 min ABŞ dolları dəyərində 487 ədədi Rusiyadan, 8,6 min ABŞ dolları dəyərində 94 ədədi qalan 7 ölkədən tədarük olunub. Bir sayğacın orta idxal qiyməti 39,77 ABŞ dolları, o cümlədən Çindən tədarük edilən - 67,83 ABŞ dolları, Türkiyədən – 9,62 ABŞ, Rusiyadan – 121,1 ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 31,27 ABŞ dolları, 55,85 ABŞ dolları, 10,42 ABŞ dolları və 59,69 ABŞ dolları olub.

Hesabat dövründə Çin və Avstriyaya 240 ABŞ dolları dəyərində 3 ədəd elektrik enerjisi sayğacları ixrac olunub.