Azərbaycan rezidentləri bu il xaricilərə 1 mlrd dollarlıq xidmət edib

Azərbaycan rezidentləri bu il xaricilərə 1 mlrd dollarlıq xidmət edib Bu ilin I rübündə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 2,6 milyard ABŞ dolları təşkil edib.
Maliyyə
11 İyun , 2022 12:16
Azərbaycan rezidentləri bu il xaricilərə 1 mlrd dollarlıq xidmət edib

Bu ilin I rübündə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 2,6 milyard ABŞ dolları təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bunun 1,6 milyard ABŞ dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1 milyard ABŞ dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 23,3 % azalaraq 627,5 milyon ABŞ dolları olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 477,3 milyon ABŞ dolları (29,8 % azalma) olub. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 150,2 milyon ABŞ dolları (8,8 % artım) olub.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 37,5 %-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 994,5 milyon ABŞ dolları olan nəqliyyat xidmətlərinin 61,6 %-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 612,6 milyon ABŞ dolları, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 381,9 milyon ABŞ dolları təşkil edib.

Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 3,6 %, idxalı isə 15,1 % artıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2022-ci ilin I rübündə 230,6 milyon ABŞ dollara (10,3 % artım) yüksəlib (2021-ci ilin I rübündə bu göstərici 209,1 milyon ABŞ dolları olub).

Son xəbərlər

Orphus sistemi