Azərbaycan lizinq şirkətinin səhmləri listinqə daxil edilib

Maliyyə
  • 12 iyul, 2024
  • 15:10
Azərbaycan lizinq şirkətinin səhmləri listinqə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə "Level Leasing” ASC-nin 50 min manatlıq adi, adlı, sənədsiz səhmləri standart bazar seqmentində şərti-listinqə daxil edilib.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 0,5 manat olan 100 000 ədəd səhmdən gedir. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 1 iş günü qalmış hərracın baş tutacağı tarix Birjanın internet səhifəsində açıqlanacaq.

Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı,səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 5 % artaraq 1 milyon manatdan 1,050 milyon manata çatacaq.

Xatırladaq ki, "Level Leasing” 2023-cü ildə yaradılıb.

44 filmi