"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib

"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib "Azərbaycan Kredit Bürosu" MMC (AKB) yeni kredit skorinq xidmətini əməkdaşlıq etdiyi təşkilatların istifadəsinə verib.
Maliyyə
28 Avqust , 2020 15:14
Azərbaycan Kredit Bürosu yeni skorinq xidmətini istifadəyə verib

"Azərbaycan Kredit Bürosu" MMC (AKB) yeni skorinq xidmətini əməkdaşlıq etdiyi təşkilatların istifadəsinə verib.

"Report" bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, proqnozlaşdırma gücü kifayət qədər yüksək olan (Gini əmsalı - 66.3) bu model AKB ilə Türkiyənin “Kredi Kayıt Bürosu”nun (KKB) birgə əməkdaşlığı çərçivəsində hazırlanıb. Təqdim olunmuş yeni xidmət AKB-də kredit tarixçəsi subyektləri haqqında toplanmış məlumatların təhlilinə əsasən borcalan davranışlarının öyrənilməsini və əldə edilən nəticələr əsasında fərdi reytinqlərin verilməsini həyata keçirir.

Yeni kredit skorinq xidməti kredit təşkilatlarında qiymətləndirmə prosedurlarının sadələşdirilməsində, əməliyyat xərclərinə qənaət edilməsində, kredit risklərinin azaldılmasında, habelə borcalanın maliyyə intizamının möhkəmləndirilməsində mühüm rol oynayacaq. Belə ki, bu xidmətdən istifadə edən təşkilatlar borcalanın keçmiş kredit məlumatlarına əsasən onun gələcək defolt ehtimalını hesablayıb, yeni kredit əldə etməsinə uyğunluğunu müəyyən etmək imkanı əldə etmiş olacaq.

Yeni servisin skor şkalası 1-1000 arasında olacaq.

Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı", “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Zıraat Bank Azərbaycan” ASC-lərdir. Şirkət 137 təşkilatla əməkdaşlıq edir. Bunlar Azərbaycan Mərkəzi Bankı, İpoteka və Kredit Zəmanət Fondu, 44 bank (18-i ləğvetmədədir), 49 bank olmayan kredit təşkilatı (5-i ləğvetmədədir), 2 kredit ittifaqı, 3 lizinq şirkəti, 22 sığorta şirkəti, 3 mobil rabitə operatoru, 3 kommunal xidmət operatoru və 6 mağazadır.

Son xəbərlər

Orphus sistemi