“Azərenerji” ASC-yə məxsus “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC 2022-ci ili 4,332 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 47,9 % azdır.
Ötən il “Azərbaycan İstilik Elektrik Stansiyası”nın elektrik enerjisi satışından gəlirləri 252,098 milyon manat (əvvəlki ilə nisbətən 11,5 % az), debitor borc ehtiyatında dəyişiklərdən gəlirləri 96 min manat (əvvəlki il olmayıb), xarici valyuta mübadiləsindən gəlirləri 1 min manat (4 dəfə az), yanacaq xərcləri 171,074 milyon manat (13,5 % az), köhnəlmə xərcləri 45,925 milyon manat (0,6 % az), təmir və texniki xidmət xərcləri 7,391 milyon manat (3,4 % az), işçi heyətinin saxlanılması xərcləri 6,833 milyon manat (8,1 % az), xammal və material xərcləri 966 min manat (16,1 % çox), digər xərcləri 5,758 milyon manat (31 % çox), mənfəət vergisi ödəmələri 4,355 milyon manat (2 dəfə az), digər vergi ödəmələri 5,561 milyon manat (54,8 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Azərbaycan İstilik Elektrik Stansiyası"nın aktivləri 625,465 milyon manat olub ki, bu da illik müqayisədə 4,7 % çoxdur. Hesabat dövründə Stansiyanın öhdəlikləri 20 % artaraq 147,856 milyon manata, balans kapitalı isə 0,8 % artaraq 477,609 milyon manata çatıb.
Xatırladaq ki, “Azərbaycan İstilik Elektrik Stansiyası” kommersiya qurumu kimi 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,108 milyon manatdır.