Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 23 %-dən çox artıb
- 02 noyabr, 2024
- 10:18
Bu il oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 28 milyard 404,6 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,7 %, ilin əvvəlinə nisbətən 18,5 %, illik müqayisədə isə 23,4 % çoxdur.
Kredit qoyuluşunun 19 milyard 838,8 milyon manatı və yaxud 69,8 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 14,3 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 6 milyard 867,2 milyon manat təşkil edib. Bu, illik müqayisədə 39,5 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 21,4 %-dən 24,2 %-ə yüksəlib.
Oktyabrın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 milyard 698,6 milyon manat olub. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 3,2 %-dən 6 %-ə çatıb.
Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 57-dir.