Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 11 774,5 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 % çox vəsait yönəldilib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 13,5 % azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar isə 23,8 % artıb.
Hesabat dövründə istifadə olunmuş vəsaitin 6 585,4 milyon manatı və yaxud 55,9 %-i məhsul istehsalı sahələrinə, 4 457,5 milyon manatı və yaxud 37,9 %-i xidmət sahələrinə, 731,6 milyon manatı və yaxud 6,2 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
9 aylıq investisiya qoyuluşunun 9 043,3 milyon manatını və yaxud 76,8 %-ni daxili vəsaitlər təşkil edib, 8 663,9 milyon manatı və yaxud 73,6 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,2 %, büdcə vəsaitləri 36,3 %, əhalinin şəxsi vəsaitləri 7,8 %, sair vəsaitlər 3,9 %, bank kreditləri isə 2,8 % paya malik olub.