Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 10 mlrd 430,2 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% az vəsait yönəldilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna yatırılmış investisiyalar 15,2% artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsait isə 14,1% azalıb.
İstifadə olunmuş vəsaitin 6 mlrd 995,8 milyon manatı və yaxud 67,1%-i məhsul istehsalı sahələrinə, 2 mlrd 492 milyon manatı (23,9%-i) xidmət sahələrinə, 942,4 milyon manatı (9%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Bundan başqa, əsas kapitala yönəldilmiş vəsaitlərin 6 mlrd 665,8 milyon manatını və yaxud 63,9%-ni daxili vəsaitlər təşkil edib, 6 mlrd 667,2 milyon manatı və yaxud 63,9%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59,9%, büdcə vəsaitləri 22,3%, bank kreditləri 6,5%, əhalinin şəxsi vəsaitləri 6,1%, sair vəsaitlər 3,4%, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,8% təşkil edib.
2020-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində “Yeni klinika” tibb müəssisəsi, 3 saylı DOST mərkəzi, modul tipli xəstəxana kompleksi, modul tipli hospital, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı, “Böyükşor” və “Əhmədli” elektrik yarımstansiyaları, S.Bəhlulzadə adına Mədəniyyət Evi, ADA Universitetinin iki yeni korpusu, 60 çarpayılıq xəstəxana binası, Naxçıvan MR-da mumi təhsil müəssisəsi, 3 ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıt şəhərində 2 tibbi maska istehsalı müəssisəsi, qoruyucu kombinezonların istehsalı müəssisəsi, modul tipli xəstəxana, Kimya Sənaye Parkının nəzdində Peşə Təhsili Mərkəzi, Gəncə şəhərində tikinti materialları istehsalı zavodu, Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, 200 çarpayılıq xəstəxana binası, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Mingəçevir şəhərində Dövlət Rəmzləri Muzeyi, Şəki şəhərində modul tipli xəstəxana, 200 çarpayılıq xəstəxana binası, Abşeron rayonunda modul tipli xəstəxana, Ağcabədi rayonunda “Asan Həyat” kompleksi, dənli bitki toxumlarının emalı zavodu, Ağstafa rayonunda “Azərxalça” ASC-nin filialı, Aqrar Sənaye Kompleksi, Balakən rayonunda regional “Asan xidmət” mərkəzi, Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binası, “Azərişıq” ASC-nin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi, Goranboy rayonunda “Azərxalça”nın filialı, İsmayıllı rayonunda modul tipli xəstəxana, Kürdəmir rayonunda “Asan Həyat” kompleksi, “Azərxalça”nın filialı, Qazax rayonunda əhəng zavodu, “Azərxalça”nın filialı, Qəbələ rayonunda modul tipli xəstəxana, Qobustan rayonunda modul tipli xəstəxana, Tərtər rayonunda Olimpiya İdman Kompleksi, Dövlət Rəmzləri Muzeyi, “Azərxalça”nın filialı, Tovuz rayonunda “Asan Həyat” kompleksi, “Azərxalça”nın filialı, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.