Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 12 milyard 728,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 % çox vəsait yönəldilib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 18,1 %, qeyri-neft-qaz sektoruna investisiyalar isə 23,2 % artıb.
Hesabat dövründə istifadə olunmuş vəsaitin 7 milyard 482 milyon manatı və yaxud 58,8 %-i məhsul istehsalı sahələrinə, 4 milyard 607,8 milyon manatı və yaxud 36,2 %-i xidmət sahələrinə, 639,1 milyon manatı və yaxud 5 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
9 ay ərzində əsas kapitala yönəldilmiş vəsaitlərin 9 milyard 839,7 milyon manatını və yaxud 77,3 %-ni daxili vəsaitlər təşkil edib, 9 milyard 293,3 milyon manatı və yaxud 73 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 45,4 %, büdcə vəsaitləri 40,6 %, əhalinin şəxsi vəsaitləri 6,2 %, bank kreditləri 2,6 %, sair vəsaitlər isə 5,2 % paya malik olub.