Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub

Maliyyə
  • 12 noyabr, 2026
  • 19:29
Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub

Azərbaycanın maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays və Avropa və Mərkəzi Asiya regionunda rifah məsələləri üzrə regional praktika direktoru Abebe Aduqnanın daxil olduğu nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, makroiqtisadi sabitlik və fiskal dayanıqlıq, iqtisadiyyatın şaxələndirilməsi dövlət maliyyəsinin idarə edilməsi və dövlət müəssisələrində aparılan islahatlar, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Nazir Sahil Babayev Azərbaycanın Dünya Bankı ilə uzunmüddətli tərəfdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq Bankın ölkəmizin iqtisadi inkişafına, institusional islahatlara və dövlət sektorunun modernləşdirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, 2025–2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsinin iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafı, məhsuldarlığın artırılması və dayanıqlı iqtisadi artım istiqamətində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığını qeyd edib.

Makroiqtisadi sabitliyin qorunması və fiskal dayanıqlığın gücləndirilməsinin hökumətin əsas prioritetləri sırasında olduğunu bildirən S.Babayev dövlət maliyyəsinin səmərəli idarə edilməsi, fiskal intizamın möhkəmləndirilməsi, büdcə xərclərinin səmərəliliyinin artırılması və neft-qaz gəlirlərindən asılılığın mərhələli şəkildə azaldılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Qeyri-neft sektorunun inkişafı, özəl investisiyaların təşviqi və ixrac potensialının genişləndirilməsinin uzunmüddətli iqtisadi artım baxımından əhəmiyyəti vurğulanıb.

Dövlət maliyyəsinin idarə edilməsi sahəsində aparılan islahatlara toxunan S.Babayev büdcə planlaşdırılması, icrası, xəzinədarlıq əməliyyatları və maliyyə hesabatlılığının vahid rəqəmsal mühitdə inteqrasiyasını nəzərdə tutan "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin (RDMİS) yaradılması, proqram və nəticə əsaslı büdcə mexanizmlərinin əhatə dairəsinin genişləndirilməsi, eləcə də dövlət satınalmalarının rəqəmsallaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Bu sahələrdə Dünya Bankı ilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Görüşdə dövlət müəssisələrinin maliyyə idarəetməsi və nəzarəti sahəsində həyata keçirilən islahatlar da diqqət mərkəzində olub. Dövlət müəssisələrinin maliyyə intizamının, korporativ idarəetməsinin və dividend siyasətinin təkmilləşdirilməsi, habelə potensial fiskal risklərin idarə olunması istiqamətində Dünya Bankı ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Bu kontekstdə Dünya Bankı Qrupu ilə birgə 2027-ci il aprel ayında Bakıda keçirilməsi planlaşdırılan Dövlət Müəssisələri üzrə Qlobal Konfransa hazırlıq məsələlərinə də toxunulub. Konfransın dövlət müəssisələrinin idarə olunması və maliyyə dayanıqlığının gücləndirilməsi sahəsində beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma olacağı bildirilib.

Tərəflər, həmçinin Dünya Bankının dəstəyi ilə hazırlanmış mühasibat uçotu və audit sahəsində Standartlara və Məcəllələrə Riayət Olunmasının Qiymətləndirilməsi (ROSC) üzrə hesabat layihəsini və onun tövsiyələrini nəzərdən keçiriblər. Müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, maliyyə hesabatlarının keyfiyyətinin və şəffaflığının artırılması, auditə nəzarət mexanizmlərinin gücləndirilməsi, eləcə də əlavə müzakirə tələb edən məsələlər üzrə dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə Dünya Bankının iqtisadi artım və şaxələndirmə üzrə analitik fəaliyyətinin növbəti mərhələsi, habelə kənd təsərrüfatı, su ehtiyatlarının idarə edilməsi, nəqliyyat və şəhər infrastrukturu sahələrində perspektiv investisiya layihələri ətrafında da fikir mübadiləsi aparılıb.

Dünya Bankının nümayəndələri Azərbaycan ilə tərəfdaşlığın inkişafını yüksək qiymətləndirərək ölkəmizin iqtisadi və institusional islahatlarının dəstəklənməsi, dövlət maliyyəsinin idarə edilməsi və dövlət müəssisələri sahəsində texniki, analitik və maliyyə əməkdaşlığının davam etdirilməsinə maraqlarını ifadə ediblər.

44 filmi