Azərbaycan icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə hazırdırmı? - ARAŞDIRMA - VİDEO

Azərbaycan icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə hazırdırmı? - ARAŞDIRMA - VİDEO İcbari tibbi sığorta (İTS) insanların həmrəyliyinə əsaslanan, dünya səviyyəsində geniş tətbiq edilən sosial layihə və tibbi xidmətlər modelidir. 2020-ci ildən etibarən Azərbaycanda icbari tibbi sığorta bütün ölkə ərazisində tətbiq ediləcək. Hal-hazırda Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihəsi həyata keçirilir.
Maliyyə
2 İyul , 2019 09:31
Azərbaycan icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə hazırdırmı? - ARAŞDIRMA - VİDEO

İcbari tibbi sığorta (İTS) insanların həmrəyliyinə əsaslanan, dünya səviyyəsində geniş tətbiq edilən sosial layihə və tibbi xidmətlər modelidir. 2020-ci ildən etibarən Azərbaycanda icbari tibbi sığorta bütün ölkə ərazisində tətbiq ediləcək. Hal-hazırda Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihəsi həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 №-li Fərman imzalayıb. Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə icbari tibbi sığorta sisteminin ölkə ərazisində tətbiqinə imkan verəcək hazırlıq işlərini həyata keçirmək həvalə olunub.

Bununla yanaşı, ölkə başçısı “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununun tətbiqini təmin etmək məqsədilə 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərman imzalayıb. 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək Qanuna edilmiş dəyişiklikləri nəzərə alaraq, ölkənin səhiyyə sisteminin İTS-nin tələblərinə uyğunlaşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən tibb müəssisələrinin ilkin qiymətləndirilməsi həyata keçirilib və nəticədə 2019-cu il üzrə görüləcək işlərə dair tədbirlər planı işlənib hazırlanıb. Tədbirlər planına uyğun olaraq tibb müəssisələrinin elektronlaşdırılması, büdcələnməsi ilə bağlı zəruri işlərin görülməsi və informasiya texnologiyalarının geniş tətbiqi həyata keçirilir. Eyni zamanda, tibb müəssisələrinin İTS sisteminə keçidini təmin etmək məqsədilə tibb işçilərinin biliklərinin artırılması və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə bir sıra təlimlərin keçirilməsi planlaşdırılır.

Dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Agentlik Səhiyyə Nazirliyi ilə birgə tibb müəssisələri üçün keyfiyyət standartları üzərində işə başlayıb. 2020-ci il ərzində 20 standartın tətbiqi nəzərdə tutulub. Standartlara uyğun fəaliyyət göstərən tibb müəssisələri Agentlik tərəfindən keyfiyyət indeksinə uyğun əlavə maliyyələşmə imkanı əldə edəcəklər. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayının 200-ə çatdırılması nəzərdə tutulub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Report”a verilən açıqlamaya görə əhalinin İTS çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunu ehtiva edən xidmətlər zərfinin hazırlanması, habelə tibbi xidmətlərin tariflərinin müəyyənləşdirilməsi üzərində işlər yekunlaşır:

“Qarşıya qoyulan mühüm vəzifələrdən biri də səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənməsidir. Bununla bağlı normativ hüquqi aktlar hazırlanıb və razılaşdırılması üçün müvafiq qurumlara göndərilib.

“Tibbi sığorta haqqında” Qanuna əsasən İTS-nin xidmətlər zərfi iki hissədən ibarət olacaq: baza və əlavə hissələrdən. Baza hissədən istifadə pulsuzdur və hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir.

Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Xidmətlər zərfinin əlavə hissəsinə münasibətdə sığorta olunanlar kateqoriyalara bölünürlər. Bura Azərbaycan Respublikasının Milli Məclisi və Prezidenti tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə və əmək müqaviləsinə əsasən işləyən şəxslər, neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslər, imtiyazlı əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və digər şəxslər daxildir”.

Agentlikdən həmçinin bildirilib ki, 2020-ci ildən İTS-nın bütün ölkə ərazisində tətbiqi üçün əhalinin maarifləndirilməsi istiqamətində də mühüm işlər görülüb: “Ölkə əhalisinin İTS sisteminin tətbiqi, icbari tibbi sığortahaqqı, icbari tibbi sığortahaqqının ödənilməsi, sığortalıların və sığortaolunanların hüquq və vəzifələri, azadolma məbləği və s. barədə məlumatlandırılması məqsədilə respublikanın müxtəlif regionlarında, eləcə də paytaxt Bakının bütün rayonlarında ilin sonuna qədər maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda İTS barədə çap materiallarının, videoçarxların hazırlanması, məlumatlandırıcı postların hazırlanaraq Agentliyin sosial şəbəkələrdəki səhifələrində paylaşılması istiqamətində hazırda bir sıra işlər həyata keçirilir.

Həmçinin bu il Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən "İcbari tibbi sığorta barədə ictimai məlumatlılığın artırılmasına dair təşəbbüslər" mövzusunda qrant müsabiqəsi elan edilib. Müsabiqəyə müxtəlif bölgələrdə maarifləndirmə işinin aparılması ilə bağlı layihələr təqdim olunub. Müsabiqədə qalib gəlmiş QHT-lər respublikanın bölgələrində əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər keçirəcəklər”.

Agentliyin məlumatına əsasən 2020-ci ildən artıq icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılacaq: “Xidmətlər zərfinin baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün müəyyən edilmiş icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək. Tibbi sığortanın maliyyə mənbələri üzrə daxil olan vəsaitlər İTS fondunda cəmləşdiriləcək”.

Qeyd edək ki, 2018-ci ilin dekabr ayında ölkə başçısı respublikada İTS-nin tətbiqinin təmin edilməsi məqsədilə Agentliyin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Fərmanın icrası məqsədilə 12 aprel tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə qərar qəbul edib. Qərar 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.

Agentlikdən bildirilib ki, bir sıra xəstəliklərlə bağlı tibbi xidmətlərin göstərilməsi dövlət hesabına, ödənişsiz aparıldığına görə bəzi tibb müəssisələri TƏBİB-in siyahısına daxil edilməyib: “Həmin xəstəliklərlə bağlı bir sıra dövlət proqramları mövcuddur. Məsələn, "Şəkərli diabet üzrə Tədbirlər Proqramı”, “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”, “Uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”, “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” və s. Sözügedən sahələrə dövlətin dəstəyi böyükdür. Həmin xəstəliklərin müayinə və müalicəsi dövlət proqramları çərçivəsində göstərilir”.

İcbari tibbi sığortanın bütün ölkə üzrə tətbiq edilməsi Azərbaycanın sığorta bazarına nə kimi təsir göstərəcək?

Məsələni “Report”a şərh edən sığorta üzrə ekspert İlkin İbrahimov qeyd edib ki, İcbari Tibbi Sığortanın ölkə üzrə tətbiqi sığorta bazarına əlavə vəsaitin və müştərilərin cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir: “1999-cu ildən İcbari tibbi sığortanın tətbiqi üçün qanun layihəsinin hazırlanması və tətbiqi gündəmdə olub. Lakin maliyyə çatışmazlığı və qanun layihəsinin müzakirədən çıxarılması prosesin ləngiməsinə gətirib çıxarıb. Hazırda da bu sahədə müəyyən boşluqlar var. Əsas məsələ ondan ibarətdir ki, vətəndaş şikayətlərinin qəbulu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən aparılır. Halbuki, digər ictimai təşkilatlar da bu sahədə onlara kömək edə bilər. Bundan əlavə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari Tibbi Sığorta Bürosunun üzvü deyil, özü müstəqil agentlikdir. Agentlik həm də öz hesabatını Maliyyə Bazarlarına Nəzarət Palatasına vermir. Bu nüanslar çatışmazlıq hesab olunur və hələ ki, aradan qaldırılmayıb.

İcbari Tibbi Sığortanın ölkə üzrə tətbiqi sığorta bazarına əlavə vəsaitin və müştərilərin cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən isə, bu addım sığorta şirkətlərinin təqdim etdiyi tibbi sığorta məhsullarının azalmasına gətirib çıxaracaq", - ekspert vurğulayıb.

Onun sözlərinə görə İTS-nin sığorta ödənişləri göndərişlə müəyyən olunmuş xəstəxanaya köçürüləcək: “Hər xəstəliyin öz qiyməti olacaq. Xəstəxanaların da Publik hüquqi şəxsin tabeliyinə keçirilməsində məqsəd budur ki, xəstəxanalarda xəstəliklər üzrə vahid, standart müayinə və müalicə qiyməti müəyyən olunsun və ödənişlər də bu qiymətlərə uyğun aparılsın".

"İcbari Tibbi Sığortanın ölkə üzrə tətbiqi sığorta bazarına əlavə vəsaitin və müştərilərin cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir".

İlkin İbrahimov

Sığorta bazarı üzrə ekspert İlkin İbrahimov

Sığorta haqlarının toplanması qaydasına gəlincə, vətəndaşların aylıq əmək haqqından ödənən sığorta haqları növbəti ayın əmək haqqınadək, əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Mülki Məcəlləyə uyğun olaraq mülki-hüquqi müqavilə əsasənda işləməyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslərdən illik 120 manat olmaqla toplanan məbləğlər ilin əvvəlki ayında , dövlət büdcəsindən ödənən məbləğlər büdcə ayırmaları zamanı, İcbari Sığorta Bürosundan ödəmələr isə sığorta haqlarının daxil olduğu ayın növbəti ayında ödənməlidir.

İ.İbrahimov həmçinin İTS-in ölkə üzrə tətbiqi zamanı yarana biləcək qanun pozuntularının da ola biləcəyini diqqətə çatdırıb:

“İTS haqları ilə bağlı gizlətmə və gecikmə şəklində qanun pozuntuları ola bilər ki, bunların qarşısı qanunla alına bilər. Sığorta ödənişləri ilə də bağlı çoxlu pozuntuların olması gözləniləndir. Məsələn, baş həkimin məsləhət bildiyi həkimlərə və müayinələrə yönləndirmələr ola bilər. Bu barədə qabaqlayıcı tədbir digər ictimai təşkilatların da bu prosesə qoşulması, eyni zamanda vətəndaşların da problemləri lazımi qaydada ictimailəşdirməsidir”.

İcbari tibbi sığortanın ölkə üzrə tətbiq edilməsinin mənfi və müsbət cəhətlərindən danışan sığorta bazarı üzrə ekspert Aqşin Əlizadəgörə tibbi sığortanın ölkə üzrə tətbiqi nəticəsində həkimlər xəstələri daha çox məmnun etməyə çalışacaq və tibb sahəsində rüşvət aradan qalxacaq:  "Məcburi tibbi sığortanın müsbət tərəflərindən biri budur ki, həkimlərin öz üzərlərində çalışması üçün motivasiyası olacaq və beləliklə səhiyyə sistemi də güclənəcək. Sığortada belə bir məsələ var. O şəxslər tibb müəssisəsinə göndərilir ki, orada həkimlər daha tez və ucuz qiymətə ona yardımçı ola biləcək. Buna görə də xəstəyə daha savadlı həkim lazım olur. Həkimlər çalışacaq ki, onlara daha çox pasient müraciət etsin. Onlara da çox pasient müraciət etdikdə daha çox qazanacaqlar. Həkimlərin burada xəstələri daha çox məmnun etmək kimi məqsədləri olacaq. Amma buna qədər bilirik ki, əksər dövlət xəstəxanalarında həkimlərin belə bir məqsədi yoxdur. Onlar firma dərmanları yazır və beləliklə həm xəstələrdən, həm də firmalardan qazanırlar. Tibbi sığortanın tətbiqindən sonra rüşvət də aradan qalxır. Çünki həkimin pulunu tibbi sığorta agentliyi ödəyir. Ödənişi Agentlik etdiyi üçün vətəndaşın ödəniş, rüşvət vermək kimi bir problemi olmur. Sığortalı insanlar istədiyi vaxt, istədiyi həkimin yanına gedərək müalicə ala biləcək. Daha düşünməyəcək ki, nə vaxt pulum olar gedib tibbi müayinədən keçərəm. Vaxtlı-vaxtında gedib müalicələrini ala, tibbi müayinədən keçə biləcəklər", - A.Əlizadə bildirib.

"Tibbi sığortanın ölkə üzrə tətbiqi həkimlərin əmək haqlarının artmağına səbəb olacaq".

Aqşin Əlizadə

Страховой эксперт Агшин Ализаде

Onun sözlərinə görə, tibbi sığortanın ölkə üzrə tətbiqi həkimlərin əmək haqlarının artmağına da səbəb olacaq. İnsanların uzun müddət əziyyət çəkdikləri xəstəliklərdən azad olması ilə nəticələnəcək. Digər tərəfdən, formalaşacaq ailə həkimləri nəticəsində insanlar dövlət xəstəxanalarındakı kimi həkim axtarışına çıxmayacaqlar. Onların daimi problemlərini bilən həkimləri olacaq. Bu isə səhiyyə xərclərini azalmasına, pasientlərin daha sistematik müalicə almasına səbəb olacaq.

Bundan başqa, səhiyyə müəssisələrinin maddi texniki bazaları inkişaf edəcək. Daha yaxşı avadanlıq gətirilməsi vacib olduqda bunu qısa zamanda əldə edə biləcəklər.

Digər müsbət cəhət odur ki, burada minimum təminat almış şirkətlərə əvvəl sığorta etmək baha başa gəlirdisə, artıq bu məsələdə onlara güzəşt tətbiq oluna bilər. Çünki bu, dövlət tərəfindən minimum təminat olduğu üçün tamamlayıcı tibbi sığorta xidmətləri təklif oluna bilər. Digər tərəfdən tibbi sığortanın inkişafına səbəb ola bilər.

"Mənfi və digər çatışmazlıqlarına gəlincə, zəif xidmət göstərən özəl klinikalar çox güman bağlanacaq. Bundan başqa, sığorta bazarı üzrə sığorta haqları aşağı düşə bilər. Çünki sığorta bazarının 20%-nə qədərini tibbi sığorta təşkil edir. Yəni sığortasız yığımlar azala bilər", - A.Əlizadə bildirib.

Sığorta üzrə ekspert Çingiz Nəzərov da tibbi sığortanın ölkə üzrə tətbiq edilməsinin gələcək üçün çox mühüm addım olduğunu vurğulayıb. Ekspert qeyd edib ki, bununla yanaşı bu sahədə müəyyən çatışmazlıqlar da var: “Bəzi tibbi əməliyyatlar var ki, onların xərcini qarşılamaq üçün hər kəsin maddi büdcəsi kifayət etmir. Buna görə də İcbari tibbi sığorta vətəndaşların sağlam və xoşbəxt gələcəyinin təmin edilməsi baxımından önəmli addımdır. Digər tərəfdən, bu sahədə çatışmayan cəhətlər də var. Məsələn, bəzi xəstəxanalarda əməliyyatdan 3-4 gün keçən kimi xəstəni xəstəxanadan çıxardırlar. Əlavə qalmaq üçün ödəniş tələb olunur. Düşünürəm ki, bu belə olmamalıdır. Həmçinin pulsuz əməliyyatların siyahısı dəqiqləşdirilməlidir. Məsələn, burun çəpəri əməliyyatını bu siyahıya əlavə etmək olar. Çünki bəzi insanlarda uşaqlıqdan burun çəpərində əyrilik var və bu onların nəfəs almasına maneə törədir. Düşünürəm ki, bu estetik əməliyyat hesab olunmamalı və pulsuz əməliyyatlar siyahısına daxil edilməlidir”. 

"İcbari tibbi sığorta vətəndaşların sağlam və xoşbəxt gələcəyinin təmin edilməsi baxımından önəmli addımdır".

Çingiz Nəzərov

Страховой эксперт Чингиз Назаров

Qeyd edək ki, "Report"un qərb mərkəzi Yexlax və Mingəçevir sakinləri arasında İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı sorğu keçirib. Sakinlər bildiriblər ki, əvvəllər bəzi xəstəliklərin, əməliyyatların xərclərinin qarşılanması insanların büdcəsinə uyğun olmurdu. İndi isə tibbi sığortanın tətbiq edilməsi nəticəsində hətta yüksək xərc tələb edən xəstəlikləri belə müalicə etmək mümkündür. Buna görə də, bəzi çatışmazlıqların olmasına baxmayaraq, ümumilikdə, icbari tibbi sığortanın tətbiqi təqdirəlayiq haldır.

 

Son xəbərlər

Orphus sistemi