Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsi xərclərinin 4 749,6 milyon manatı və yaxud 72,3 %-i cari xərclər, 1 619,3 milyon manatı və yaxud 24,7 %-i əsaslı xərclər, 198 milyon manatı və yaxud 3 %-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,45 % çox, 48 % çox və 43,2 % azdır.
"Bu ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 005 milyon manat xərc nəzərdə tutulub. Bu ilin yanvar-mart aylarında dövlət borcunun ödəniş qrafikinə uyğun olaraq daxili dövlət borcu üzrə 27,1 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 170,8 milyon manatın (əsas borc üzrə 31,1 milyon manat, faiz borcu üzrə 139,6 milyon manat, bank xidmətləri haqqının ödənilməsi 0,1 milyon manat), cəmi 198,0 milyon manatın (əsas borc üzrə 31,1 milyon manat, faiz borcu üzrə 166,7 milyon manat, bank xidmətləri haqqının ödənilməsi 0,1 milyon manat) ödənilməsi təmin edilib", - deyə məlumatda qeyd olunub.