Azərbaycan İpoteka Fondunun xalis mənfəəti kəskin artıb

Azərbaycan İpoteka Fondunun xalis mənfəəti kəskin artıb Ötən il Fondun aktivləri 8% artıb, kredit portfeli isə 3% azalıb
Maliyyə
23 Yanvar , 2017 14:38
Azərbaycan İpoteka Fondunun xalis mənfəəti kəskin artıb

Bakı. 23 yanvar. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 693,126 mln. manat təşkil edib. 

“Report” fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 8,1% çoxdur.

AİF-in aktivlərinin 77,51%-ni və yaxud 537,273 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən il Fondun ipoteka kreditləri portfeli 3,4% kiçilib.

Hesabat ilində AİF-in cəmi öhdəlikləri 1,74% azalaraq 434,881 mln. manata düşüb. Bunun 98,2%-i buraxılmış qiymətli kağızlar hesabına formalaşıb.

Təhlil olunan dövr ərzində Fondun cəmi kapitalı isə 20% artaraq 349,244 mln. manata çatıb. Bunun isə 98,1%-i və yaxud 342,698 mln. manatı dövlət büdcəsindən ayırmalar (nizamnamə kapitalı) olub.

Hesabat dövründə AİF-in faiz gəlirləri 22,096 mln. manat (illik 11,6% artım), faiz xərcləri 10,329 mln. manat (1% azalma), dəyərsizləşmə üzrə zərəri 86 min manat (73,1% azalma), haqq və komissiya xərcləri 424 min manat (1,4% artım), digər gəlirləri 444 min manat (sabit), insan resursları üzrə xərcləri 1,719 mln. manat (1,5% artım), inzibati və digər xərcləri 1,761 mln. manat (10,9% azalma) təşkil edib. Son nəticədə, Fond 2016-cı ili 8,221 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2015-ci illə müqayisədə 52,2% çoxdur.

Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.

Son xəbərlər

Orphus sistemi