Azərbaycan Gürcüstan və Qazaxıstandan olan sürücülərə "Yaşıl Kart" satacaq

Azərbaycan Gürcüstan və Qazaxıstandan olan sürücülərə "Yaşıl Kart" satacaq İcbari Sığorta Bürosu (İSB) yerli sığorta şirkətlərinin Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin sürücülərinə "Yaşıl Kart" satması üçün Beynəlxalq Bürolar Şurası (BBŞ) ilə razılıq əldə edib.
Maliyyə
22 Dekabr , 2022 12:11
Azərbaycan Gürcüstan və Qazaxıstandan olan sürücülərə Yaşıl Kart satacaq

İcbari Sığorta Bürosu (İSB) yerli sığorta şirkətlərinin Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin sürücülərinə "Yaşıl Kart" satması üçün Beynəlxalq Bürolar Şurası (BBŞ) ilə razılıq əldə edib.

Bu barədə "Report"a İSB-dən bildirilib.

Məlumata görə, Büro bu barədə BBŞ-yə rəsmi müraciət göndərib. Razılığa əsasən, gələn il yanvarın 1-dən Azərbaycan sığortaçıları adı çəkilən ölkələrin nəqliyyat vasitələrinin sahiblərinə "Yaşıl Kart" sığorta şəhadətnamələri satacaqlar. Xidmət ixracı anlamına gələn bu fəaliyyətdən yerli sığorta şirkətlərinin böyük mənfəət əldə edəcəyi gözlənilir.

Bu ilin yanvar-noyabr aylarında İSB "Yaşıl Kart" sığorta sistemi üzrə Azərbaycan vətəndaşlarının xaricdə törətdiyi sığorta hadisələrinə görə 531 min manata yaxın, xarici vətəndaşların ölkə ərazisində törətdiyi sığorta hadisələrinə görə 95 min manatdan çox ödəniş edib. Xaricdə Azərbaycan vətəndaşlarının iştirakı ilə baş vermiş yol qəzaları arasında ən böyük ödəniş Almaniya ərazisində qeydə alınmış hadisəyə görə verilib və 31 586 manat təşkil edib. Xarici vətəndaşların iştirakı ilə ölkə ərazində baş vermiş yol qəzaları arasında isə ən böyük ödəniş isə Rusiya vətəndaşının törətdiyi hadisəyə görə verilib və 23 000 manat təşkil edib.

BMT-nin Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində fəaliyyət göstərən "Yaşıl Kart" sığorta sistemi 1949-cu ildə beynəlxalq nəqliyyatı asanlaşdırmaq və bu sistem çərçivəsində zərərləri tənzimləmək üçün yaradılıb. İSB 1 yanvar 2016-cı ildən milli "Yaşıl Kart" Bürosunun funksiyalarını həyata keçirir, bu sistem üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq "Yaşıl Kart" sığorta sistemində Azərbaycanı təmsil edir.

Son xəbərlər

Orphus sistemi