Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycanda 2015-ci ilin payızında keçiriləcək parlament seçkilərinin təşkilinə dövlət büdcəsindən 41,777 mln. manatın ayrılması planlaşdırılır. “Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə fərmanında bildirilir.
Sənəddə bildirilir ki, 2015-ci il dövlət büdcəsinin xərclərində Mərkəzi Seçki Komissiyası üçün ümumilikdə 55,083 mln. manatın ayrılması nəzərdə tutulub. Bu vəsaitin 4,434 mln. manatı seçici siyahılarının dəqiqləşdirilməsi, 8,872 mln. manatı dairə seçki komissiyalarının saxlanılmasına xərclənəcək.
Bildirək ki, bu gün - dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Azərbaycanın 2014-cü il dövlət büdcəsində bələdiyyə orqanlarına seçkilərin keçirilməsi ilə bağlı xərclər 36,642 mln. manat həcmində nəzərdə tutulub. Ümumilikdə bu il Mərkəzi Seçki Komissiyasına 46,856 mln. manat, o cümlədən seçici siyahılarının dəqiqləşdirilməsinə 3,796 mln. manat, dairə seçki komissiyalarının saxlanılmasına isə 6,419 mln. manat ayrılıb.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri hər beş ildən bir keçirilir. Parlament (Milli Məclis) 125 deputatdan formalaşır.