Azərbaycan gələn il 703 mln. manat həcmində xarici dövlət borcu qaytaracaq

Azərbaycan gələn il 703 mln. manat həcmində xarici dövlət borcu qaytaracaq Xarici dövlət borcu üzrə ödənişlərin 34%-ni hesablanmış faizlər təşkil edəcək
Maliyyə
31 Dekabr , 2014 11:22
Azərbaycan gələn il 703 mln. manat həcmində xarici dövlət borcu qaytaracaq

Bakı. 31 dekabr. REPORT.AZ/ Azərbaycanın 2015-ci il dövlət büdcəsindən dövlət borcuna xidmətin göstərilməsi ilə bağlı 239,7 mln. manat həcmində vəsaitin xərclənməsi nəzərdə tutulub. "Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, gələn il dövlətin daxili və xarici borcları üzrə ümumi ödəniş məbləğləri müvafiq olaraq 73,239 mln. manat və 702,965 mln. manat məbləğində təsdiq edilib.

Xarici dövlət borcu üzrə ödənişlərin 239,7 mln. manatını faiz, 463,3 mln. manatını isə əsas borc üzrə ödənişlər təşkil edəcək.

Bildirək ki, Azərbaycanın 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1,5 mlrd. manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 1,5 mlrd. manat həcmində təsdiq edilib.

Cari il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 6,381 mlrd. ABŞ dolları (5,005 mlrd. manat), xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 8,5% təşkil edib. Borc vəsaitlərinin 7,4%-i 10 ilə qədər, 61,3%-i 10 ildən 20 ilə qədər, 31,3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.

Oktyabrın 1-nə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (BVF-nin Xüsusi Borcalma Hüquqları) - 10,4%, ABŞ dolları – 63,%, avro – 21,7%, yapon yeni – 2,2%, İslam dinarı – 0,8%, Səudiyyə rialı – 0,5%, BƏƏ dirhəmi – 0,5%, Küveyt dinarı – 0,2%.

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf edilib.

Qeyd edək ki, Azərbaycanın 2015-ci il dövlət büdcəsinin gəlirləri 19,438 mlrd. manat, xərcləri 21,1 mlrd. manat məbləğində təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi