​Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il üçün gəlirləri 4% artırılır

​Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il üçün gəlirləri 4% artırılır Gələn il üçün yaşayış minimumu 131 manat, ehtiyac meyarının həddi isə 105 manat nəzərdə tutulur
Maliyyə
20 Noyabr , 2014 16:33
​Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il üçün gəlirləri 4% artırılır

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2015-ci il büdcəsi layihəsində gəlirlər və xərclər 3 056,3 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq proqnozları ilə müqayisədə 127,8 mln. manat və ya 4,4% çoxdur. Fondun gəlirlərinin 63,8%-ni məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. "Report" xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin bugünkü plenar iclasında Fondun yeni il üçün büdcəsinin layihəsi haqqında məlumat verərkən deyib.

Gələn il dövlət büdcəsindən ayırmalar barədə danışan komitə sədri deyib ki, transfertin proqnozu cari ilin göstəricisinə nisbətən 3,7% və ya 42 mln. manat azaldılıb. DSMF-nin xərclərinin 97,8%-i əhaliyə ödənişlər üçün nəzərdə tutulub.

H.Rəcəbli qeyd edib ki, təkcə bu il sığortaya cəlb olunan işçilərin sayı 1,5 mln. nəfər artıb, bu sahədə qanunu pozan işəgötürənlərin cərimələnməsi statistikası əvvəlki ilə nisbətən 23 dəfə artıq olub: "Bu da onu göstərir ki, yığım sahəsində müəyyən problemlər var və ciddi şəkildə bununla məşğul olmalıyıq".

Komitə sədri əlavə edib ki, hazırda Azərbaycanda sosial sığorta ödəyənlərin sayı 3 mln. təşkil edir. Təkcə hamiləlik və doğuma görə ayrılan vəsaitlər əvvəlki illə müqayisədə gələn il 31% çox olacaq. Uşaqların anadan olması və onlara qulluğa görə vəsaitlər 8-11% artıb. Uşaqların sağlamlıq düşərgələrində istirahətinə ayrılan məbləğin 318 min manata çatmasına baxmayaraq, deputatlar bunun artımını təklif ediblər.

Komitə sədri həmçinin əhalinin əsas sosial-demoqrafik qrupları üzrə 2015-ci il üçün yaşayış minimumu haqqında da məlumat verib. O bildirib ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilir. Gələn il üçün ehtiyac meyarının həddi isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 105 manat məbləğində nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi